Srağagün U-21 millimiz Şimali İrlandiyaya “doğma divarlar” arasında məğlub oldu - 0:1.
Diqqətimizi bir məqam da çəkdi. Oyun əvvəlcədən nəzərdə tutulan yerdə - Mərdəkanda yox, Suraxanıdakı "Azərsun Arena"da keçirilsə də, gənclər yenə heç bir dəstək görmədi. Görəsən, bunun səbəbi nədi? Bu sualı "Milli Hooligans" fanat qrupunun rəhbəri Samir Rəhimova ünvanladıq:
"Əslində AFFA bizə bu barədə müraciət etmişdi. Sadəcə, bütün fikrimizi əsas yığmanın Bakıdakı Avstriya ilə görüşünə yönəltdiyimiz üçün həmin qarşılaşmaya gedə bilmədik. Federasiya da bizim fikrimizi anlayışla qarşıladı. Sizə belə bir şey deyim. Digər ölkələrdə oyunun nə zaman olduğu və harda olduğu ən az üç həftə əvvəlcədən bilinir və insanlar ona görə plan qurur. Ancaq Azərbaycanda belə deyil, oyuna 5 gün qalmış, sadəcə, bir paylaşım olunur və o paylaşımı da az azarkeş gördüyü üçün oyun zamanı da stadion çox dolmur. Problem azarkeşlərdə yox, məhz millimizin paylaşım edən səhifələrindədi.
Sizə bir misal çəkə bilərəm. Yadınızdadısa, "Sabah"la "Qarabağ"ın Masazırdakı ilk oyununda heç kim yox idi. Sonra "bayquşlar" komanda üçün azarkeş tutdu və qapı-qapı düşərək kartlar payladılar. Ondan sonra tribunalar dolmağa başladı. Bizim də belə planımız var. Yenə də deyirəm, problem azarkeşlərdə deyil, millinin oyunu ilə bağlı səhifələrdə paylaşımın az olmasındadı. Çünki oyundan əvvəl belə məqamları daha çox qabartmalıyıq ki, stadiona fanatlar gəlsin. Məlumatlı olmayan şəxslər də olur. Bu cür səhifələr daha aktiv işləməlidi. Həm də "ot kökü üstə bitər". Əsas milli nəsə edə bilməyibsə, U-21-dən böyük şey gözləmək olmaz. Lakin biz "Milli Hooligans" olaraq, bütün yaş qrupları üzrə yığmaları dəstəkləməyə həmişə hazırıq".
CAVİD ƏLİYEV