Dünən Misli premyer-liqasının 9-cu turunda "Sabah" - "Araz-Naxçıvan" matçı keçirildi.
Yığmanın məşqçisi Arif Əsədov oyundan əvvəl mətbuata açıqlamasında "Bank Respublika Arena"ya gəlib görüşü izləyəcəyini bildirsə də, stadionda yox idi.
Bunun səbəbini öyrənmək üçün mütəxəssislə əlaqə saxladıq. Arif Əsədov "Football-plus.az"a açıqlamasında matçdan əvvəl yaşanan şok hadisə haqda məlumat verdi:
"Əslində oyunu izləmək üçün "Bank Respublika Arena"ya yollanmışdım. Lakin heç gözləmədiyim hadisə baş verdi. PFL-in belə yarışları izləmək üçün verdiyi vəsiqə və millimizin məşqçisi olduğumu sübut edən sənədi göstərsəm də, mühafizə xidməti məni içəri buraxmadı. Bunu avtomobilimin dövlət qeydiyyat nişanının siyahıda olmamasıyla əlaqələndirdilər. Məcbur geri qayıtmalı oldum. Bu haqda dərhal baş məşqçi Canni de Byaziyə məlumat vermişəm. Məsələni qabartmaq və ya ictimailəşdirmək məqsədim yox idi. Sağ olsun idman jurnalistlərimiz, hər şeyə fikir verir, bütün detallarla maraqlanırlar".
Maraq üçün qeyd edək ki, Arif Əsədov həm də "Sabah"ın yaranışında böyük pay sahibi olan şəxslərdən biridi.
KƏNAN BAHADIR