Marko Veşoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakuv” – “Qarabağ” matçından öncə məşqdə budundan zədələnmişdi.
Həmin gün iyulun 25-i idi. Klubdan verilən rəsmi açıqlamada bildirilmişdi ki, monteneqrolu müdafiəçi 3-4 həftə sonra sıraya dönəcək. Həmin vaxtdan 2 ay 13 gün keçsə də, Veşoviç sağalmayıb. Hətta “Həkken”lə oyundan öncə Qurban Qurbanov müdafiəçinin bir ay sonra tam bərpa olunacağını açıqlayıb. Bəs nə üçün legioner futbolçunun zədəsinin sağaltmaq müddəti bu qədər uzun çəkdi?
Məsələ ilə bağlı “Football-plus.az”a informasiya daxil olub. Sən demə, Veşoviçin zədəsi ciddi imiş. Müdafiəçinin bud əzələsi tam sıradan çıxıbmış. Yenidən zədələnmə riskinin olmaması üçün klubu həkimi tam bərpa prosesinin keçirilməsini məsləhət bilib. Qarşıdakı bir ay ərzində əzələ tam sağalacaq. Veşoviç xüsusi nəzarət altındadı. Oyunçu vaxtaşırı MRT-dən keçərək müayinə olunur.
İLKİN SULTANLI