Yığmanın baş məşqçisi Canni de Byazi Belçika və İordaniya ilə oyunlar üçün çağırdığı 26 futbolçudan altısını meydana buraxmağı lazım bilmədi.
Bunlar qapıçı Səlahət Ağayev, Yusif İmanov, müdafiəçilər Elvin Bədəlov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi və Amin Seydiyevdi. “Sumqayıt”ın son oyunlarında sabit çıxış edən Bədəlov De Byazinin etimadını qazana bilmədi.
"Football-plus.az" saytı olaraq, Elvindən bu məsələ ilə bağlı fikir öyrəndik:
"İlk növbədə onu deyim ki, milliyə dəvət almaq mənim üçün həmişə xoşdu. Oynadım-oynamadım, yığmanın içində olmaq həmişə arzum olub. Son iki matçda şans qazanmamağıma gəlincə, baş məşqçinin qərarına hörmətlə yanaşıram. Burda inciyəcək, küsəcək bir hal yoxdu. Mən tərəfdən hər şey qaydasındaydı, şans verilməsini gözləyirdim və çıxıb oyunumu sərgiləyəcəkdim. Belçika ilə matçda, əsasən də ilk yarıda yaxşı çıxış etdik. Uduzduq, amma daha sərfəli nəticəyə layiq idik. İordaniya ilə görüşdə isə qələbə qazandıq. Hamımız da bir nəfər kimi zəfərimizə sevindik. Əsas olan da budu. Bu dəfə şans qazanmadım. Amma ümidliyəm. Üzərimdə daha çox çalışacam ki, əsas heyətdə yer alım".
ABDULLA İSMAYILOĞLU