21-ci əsrdə bərabərlik və müxtəliflik mövzusu birmənalı şəkildə dəbdə olan trendə çevrilib.
"Football-plus.az" xəbər verir ki, cinslərin qarşılıqlı münasibətləri – xüsusən də idmanda – günümüzdə çox aktual şəkildə müzakirə olunur. Dünya qadın tennisinin ən yaraşıqlı simalarından Mariya Şarapova da bu mövzuya toxunmağı lazım bilib. Və əlbəttə, köhnə mübahisə mövzusu yenilənib.
Mariya nə deyib?
Rusiyalı sabiq tennisçi Kanada Tennis Federasiyasının təşkil etdiyi və idmanda gender bərabərliyinə həsr olunan illik “Unmatched” konfransında çıxış edib. Onun çıxışının mahiyyəti iki abzasda gizlənir:
- Bəli, qadın turnirlərinin 15-20 faizi kişilərin turnirləri ilə bərabərdi. Bəs qalan 80 faiz hardadı? Bunlar bir-birinə heç yaxın da düşmür. Təəssüf ki, qadın turnirlərinin teleyayın hüququ baha deyil, onlar minlərlə azarkeşi cəlb etmir, bu üzdən bərabərlik mövzusu heç aktuallaşmır da, dünya heç bəzi qadın turnirlərindən xəbər tutmur.
Hansısa idman növünü izləmək üçün baş çəkirsizsə, tutaq ki, tennisə, “US Open”in axşam sessiyasına, qadınların oyunları 19.00-da başlayırsa, kişilər sonra korta çıxacaqsa, onda 18.55-də gəlin. Daha yalnız kişilərin oyunlarına baxmaq üçün qadınların oyunlarının ortasında gəlmək lazım deyil. Qadınlar naminə gəlin.
Kişi tennisçilərin bərabərliklə bağlı çağırışının yer aldığı videoçarx nümayiş olunandan sonra Şarapova bir daha auditoriyaya müraciət edib: “Hamımız bilirik ki, hərəkət sözdən güclüdü, odu ki, qulaq asmağa dəyər”.
Belə problem varmı?Kişi və qadın turnirlərində bəzən fərqli mükafat fondu qoyulması haqda deyilənlər gerçəkdi. Hərçənd son illərdə bu fərq azalmaqdadı. Məsələn, “Böyük dəbilqə” turnirlərində bonuslar bərabərləşib, 1000 kateqoriyalı bir çox başqa turnirlərdə də eyni tendensiya hökm sürür. Ancaq başqa nümunələr də var. Məsələn, 2023-də keçirilən “Italian Open” turniri. Kişilər arasında qalib olan Daniil Medvedevə 1,1 milyon avro, qadınlar arasında turnirin qalibi Yelena Rıbakiyanay isə 520 min avro ödənildi. Qadınların turnirinə görə cavabdeh olan WTA elan etdi ki, 2033-cü ildə mükafat fondunda bərabərliyi təmin etmək planlaşdırılır. “US Open”də isə 1973-cü ildən bəri kişilərlə qadınlara eyni mükafat fondu ödənilir.Sual doğuran məqam budu ki, niyə belə olur və bərabərləşdirmə süni xarakter daşımır ki? “New York Times” yazır ki, qadın tennisçilər kişilərin də olduğu turnirlərdə daha pis təqvimə və əhəmiyyətsiz kortlara, hətta bəzən nüfuzsuz otellərə malik olur. Ancaq maliyyə təminatındakı fərqin sadə bir izahı da var: nə əkərsən, onu da biçərsən! Dünyanın sabiq 1-ci raketkası Ameli Moresmo da ötən il “Rolan Qarros”un direktoru ki yaxşı slotları və kortları kişilərə verməklə belə yanaşmaya sadiq qaldı. O sonradan dedi ki, kişilərin oyunları daha cəlbedicidi. Düzdü, üzr istəməli oldu, ancaq fakt faktlığında qalır. Kişi tennisi gerçəkdən də diqqəti daha çox cəlb edir və sponsorların daha böyük marağına səbəb olur.
Yəqin adamların təhtəlşüur səviyyəsində hələ də bu baxış qalır ki, fiziki fəallıq ənənəvi kişi işidi. Bunu çox sadə testlə siz özünüz də yoxlaya bilərsiz. Məsələn, kişi və qadın futbolçulardan, hokkeyçilərdən, tennisçilərdən neçəsini tanıyırsız? MBA-da qadın MBA-sı ilə müqayisədə onlarda dəfə artıq qazanırlar və bu heç kimdə anlaşılmazlıq doğurmur. Money.co.uk idmandakı qeyri-bərabərlik mövzusunda tədqiqat aparıb və müəyyənləşdirib ki, tennisdə əməyin ödənilməsi baxımından fərq 34 faiz təşkil edir ki, bu da bütün idman növləri arasında ən aşağı göstəricidi.
Ümumiyyətlə, adamları əvvəlcə qadınların turnirinə baxmağa çağırmaqla cinsi bərabərlik tələb etmək bir qədər qəribədi. Məhz kişi tennisçilər dolu tribunalar toplayırsa, onlar da daha çox qazanmağa layiqdi. Düzünə qalsa, biz özümüz də gündəlik işdə kişi və qadın idmanı haqd yazılarda auditoriya fərqini aşkar hiss edirik. Kişilərlə bağlı yazıları oxuyanların sayı daha çoxdu.
Bu məsələnin izahı var
Hazırda kişi tennisində Novak Cokoviç, Karlos Alkarasa parlayır, Rocer Federer və Rafael Nadal kimi ulduzlar tədricən kortdan uzaqlaşmaqdadı. Qadın tennisində isə bu çapda şəxsiyyətlər yoxdu. Serena Uilyamsın və elə həmin Şarapovanın yüksəlişi dövründə kütləvi informasiya vasitələrinin qadın tennisinə marağı artmağa başladı. Məhz Uilyams epoxasında qadın tennisi maliyyə baxımından çiçəkləndi, mükafat fondu kişilərə çatmağa başladı. Həqiqət həm də ondan ibarətdi ki, kişilər və qadınlar arasında keçirilən eyni turnirlərdə WTA daha az reytinq xalı verir, çox tez-tez kişilərin torunda bütün favoritlər mübarizəyə qoşulduğu halda, qadın liderlərdən kimlərsə mübarizədən çəkilir. Burda toyuğun, yoxsa yumurtanın 1-ci yarandığını müəyyənləşdirmək artıq çətindi.
Əlbəttə, dünyanın bir çox ölkələrində cinsi bərabərsizlik məişət səviyyəsində hələ də çiçəklənir. Məsələn, Səudiyyə Ərəbistanında son vaxtlara qədər qadınların maşın sürməsinə icazə verilməməsi anormal haldı. Və ya elə Azərbaycanda “qadının yeri mətbəxdi” düşüncəsiylə yaşayanların sayı çoxdu. Ancaq bütün bu məqamlar ucdantutma hər yerdə və hər sahədə süni bərabərlik yaratmaq cəhdlərinə haqq qazandırmır.