"Sumqayıt"ın futbolçusu: "Üç oyun və üç qələbə - cazibədar səslənir" - MÜSAHİBƏ

20.08.2023 21:15 518
Premyer-liqa / Manşet / Müsahibə
"Sumqayıt"ın heyətində son oyunlarda özünü yaxşı tərəfdən göstərən bir futbolçu var.

"Qəbələ" üzərindəki qələbəyə qolla töhfə verən Kamran Əliyevdən söhbət gedir. 24 yaşlı forvard “Football-plus.az”ın suallarını cavabladı.

- Dünən səfərdə "Qəbələ"yə qalib gəldiz. Oyun barədə təəssüratını alardıq...
- Təəssüratım əladı. İlk hissədə yaxşı oynadıq və 2 qol vurduq. Lakin ikinci yarıya yaxşı başlamadıq. Deyərdim ki, pis alındı, qapımızda qol gördük. Amma ən əsası sonda qazandıq.

- Son matçlarda formada olduğunu görürük. MOİK-lə yoldaşlıq oyununda, dünən də "Qəbələ" ilə oyunda fərqləndin...
- Bu haqda yalnız onu deyə bilərəm ki, hər şey eyni şəkildə gedir. Fikrimi oyunuma yönəltmişəm. Çox çalışıb, komandama hər matçda kömək olmaq istəyirəm.

- Məğlubiyyətsiz davam edirsiz. Səncə, mövsümü neçənci yerdə bitirəcəksiz?
- Mövsümü hansı yerdə bitirəcəyimizi haqda indidən nəsə demək olmaz. Çalışacağıq ki, hər matçda qalib gələk. Hər şey sonda bilinəcək.

- Bu mövsüm üçün hədəfləriniz nədi?
- Mövsümü yaxşı yerlərdə bitirmək istəyirik. Komandaya kömək etmək, bizi dəstəkləyən azarkeşləri sevindirmək xoşdu. Bizi Qəbələdə tək qoymayan fanatlarımıza təşəkkür edirəm. Onların dəstəyini nəticəsiz qoymaq istəmirik.

- Bu performansla milli komandaya çağrılmaq haqda düşünürsən?
- Hər şey məndən asılıdı. İnşallah, çağıracaqlar. Daha çox çalışmalıyam. Milli komandanın formasını geymək böyük şərəfdi.

- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsız. Bu oyun barədə nə deyə bilərsən?
- Çox çətin oyun olacaq, amma qazanmaq üçün çalışacağıq. Üç oyun və üç qələbə - cazibədar səslənir (gülür).

CAVİD ƏLİYEV