Hemilton – “Mersedes” izdivacı nə vaxt rəsmiləşəcək?

19.08.2023 19:09 260
İdman
“Formula-1” yarışlarının yeddiqat çempionu Lüis Hemilton və “Mersedes” avqustun sonuna qədər yeni müqavilə bağladığını elan edəcək. Bu haqda xəbəri “Corriere della Sera” yayıb.

Komandanın bu önəmli anlaşmanı avqustun 24-27-si aralığında keçiriləcək Niderland “Qran-pri”si ərəfəsində elan edəcəyi gözlənilir. Yeni müqavilənin hansı müddətə qədər olacağı hələ ki bəlli deyil. Halbuki bir neçə gün əvvəl Hemiltonun “Ferrari”nin təklifini rədd etməsi haqda xəbər yayılmışdı.

"Football-plus.az" xəbər verir ki, britaniyalı pilot 2013-cü ildən “Mersedes”in şərəfini qoruyur. 38 yaşlı Hemilton cari mövsümdə şəxsi hesabda 148 xalla 4-cü yeri tutur.

Bu arada “Formula-1”də çıxış edən komandalardan “Ferrari”nin rəhbəri Frederik Vasser maşınlarının sürətini artırmaq planlarını bölüşüb:

“Bolidi inkişaf etdirməklə bağlı planımız var. Əlimizdəki məlumat bazası onu deməyə əsas verir ki, sentyabrda maşınımız indikindən 0,2 saniyə, oktyabrda daha 0,2 saniyə, gələn il isə daha 0,4 saniyə sürətli olacaq. Komandanın iş planı var, özümüzə vaxt itirməyi rəva görə bilmərik. Kadr yerdəyişmələrinin baş verdiyi digər departamentlərlə işimizi sinxronlaşdırmağa çalışırıq”.