“Neftçi”nin oyununa bütün biletlər satıldı!

3.08.2023 16:29 276
Manşet / Konfrans Liqası
“Neftçi” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”ı qəbul edəcək. Oyuna hədsiz böyük maraq var. Bakının küçələri ağ-qara rənglərə bürünüb. Heç şübhəsiz, “Jelezniçar” evdə azarkeşlərinin yaratdığı ajiotajın cavabını almalıdı.

Klub sonuncu rəsmi məlumatda “İticket.az”da satılan biletlərin tükəndiyini, satışın oyun günü stadionun kassalarında olacağını bildirmişdi. Matça saatlar qaldığını nəzərə alıb bilet satışı ilə bağlı son durumu öyrəndik. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahveriyev “Football-plus.az”a bütün biletlərin satıldığını dedi.

Maraqlıdı ki, “Bakcell Arena”nın tutumu 10260-dı. Buna baxmayaraq, satışa 8000-ə yaxın bilet çıxarılıb. Klub rəsmisi səbəbi belə izah etdi:

“Çünki media və rəqib komandanın tam sektoru, “stayboks”lar və təhlükəsizlik əməkdaşlarının işini görməsi məqsədilə qabaq oturacaqlar üçün biletlər satılmır. Bu da müəyyən ixtisarlara səbəb olur”.


KƏNAN BAHADIR