Mətbuatda oyunla bağlı diqqət çəkən məlumat yayılıb. İddialara görə, görüşü tribunadan cəmi 700 azarkeş izləyə biləcək. Bunun səbəbi UEFA-nın portativ tribunalara bilet satışını qadağan etməsidi.
Bilindiyi kimi, Qəbələ şəhər stadionun tutumu 3500-dü. Cəmi 700 azarkeşin matçı izləyə bilməsi tribunaların 80 faizinin boş olacağı deməkdi. Oyunun əhəmiyyətini nəzərə alsaq, bu bölgə təmsilçisi üçün pis xəbərdi. Mövzu ilə bağlı daha ətraflı bilgi almaq məqsədilə “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“700 bilet məsələsi doğru deyil. Əslində, 1700-dü. Digər tribunalar UEFA-nın standartlarına cavab vermədiyi üçün qurum tərəfindən belə addım atılıb. Yalnız beton dayaqlar üzərində qurulan sektorlar üçün biletlər satışdadı. Əsas satışın sabah və oyun günü olacağı gözlənilir. Yəqin ki, son ana qədər biletlərin hamısı tükənəcək”.
Klub rəsmisi rəqib “Omoniya”nın Qəbələdəki “Qafqaz Riverside Hotel”ində məskunlaşacağını dedi.
Qeyd edək ki, sözügedən matç üçün indiyə qədər 400-dən çox bilet satılıb.
