Aparılan əsaslı işlər, stadionun hazırkı durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayını və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq PFL-in İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:
1. Azərbaycan premyer-liqasının 1-ci dövrəsinin oyunu "Araz Naxçıvan" – “Turan Tovuz”, 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçirilsin.
2. Azərbaycan premyer-liqasının 1-ci dövrəsinin oyunu "Qarabağ" - "Turan Tovuz", 2-ci dövrənin oyunu "Turan Tovuz" - "Qarabağ" qarşılaşması kimi keçirilsin.
3. Azərbaycan premyer-liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın. Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.
Məsələ ilə bağlı PFL-in texniki-idman direktoru Elgiz Abbasovdan açıqlama aldıq: "Əvvəlcədən planlaşdırdığımız kimi, iyulun 31-də Tovuz şəhər stadionunda gedən təmir və yenidənqurma işləriylə əlaqədar baxış keçirdik. Bu zaman görülən işlərin premyer-liqanın ilk turlarına kimi tamamlanmayacağı aydınlaşdı. Həmçinin başqa nöqsanlar da aşkarladıq. Belə ki, işıqlandırma sistemi, “skay-boks”lar, çəkiliş platformaları, stadion ərazisində akademiyanın tikintisi hələ başa çatmayıb və bunun yekunlaşması bir neçə günün işi deyil. Bundan başqa, stadionun vizual görünüşü uyğun deyil, elektrikləşmə işlərində problemlər var. Başqa sadalamaq istəmədiyim nöqsanlar da üzə çıxdı. Ona görə də bütün bunları “fors-major” hal kimi qiymətləndirərək "Turan Tovuz"un ilk iki ev oyununun fərqli meydanda keçirilməsiylə bağlı qərar verdik. Qeyd olunan problemlər 4 tur ərzində aradan qaldırılmalıdı. Geriyə qalır işıqlandırma məsələsi ki, bu da sentyabrın sonuna kimi həllini tapmalıdı. Stadionda gedən işlər nəzarətimizdədi. Məqsədimiz bölgə stadionunun standartlara tam cavab verməsi və klubun tezliklə doğma publika önündə çıxışını təmin etməkdi".
Tovuz şəhər stadionu ətrafındakı suallarla bağlı klubun da mövqeyini öyrənməyi lazım bildik. Bölgə təmsilçisinin mətbuat katibi Süleyman Tağıyevi dinləyək:
"Yeni sponsorumuz "Huner Group"la razılığa gəldikdən sonra şirkət stadionu yeniləmək qərarına gəldi. Təmir və yenidənqurma işləri davam edir. Stadionda yetərincə çatışmazlıq var idi. Öncəliklə hələ ötən mövsüm müasir standartlara cavab verən elektron tablo quraşdırıldı. Akademiyamızın binasının tikintisinə də start vermişdik. İkimərtəbəli bina da standartlara cavab verəcək və tamamlanmaq üzrədi. Projektorların quraşdırılması istiqamətində də işlər gedir. Azarkeşlər haqlı şəkildə məhz projektorların olmamasına görə bizi qınayırdı. Çünki oyunlar həftəortası keçiriləndə çox adam işdə olduğuna görə stadiona gələ bilmirdi. Projektorlar olmadığına görə saat 18.00-18.30-a kimi oyunumuzu bitirməliydik. Hazırda projektorların beton konstruksiyasının quraşdırılması işləri gedir. İşıqlandırma sistemi xaricdən gətiriləcək və bütün standartlara cavab verəcək. Çəkilişin daha yaxşı aparılması üçün üç yeni çəkiliş qülləsi düzəldildi. Artıq tribunalara toplaşan bütün azarkeşlər görünəcək. Bundan başqa, stadionun ərazisində fan-şop və kafeteriyanın tikintisi davam etdirilir. Ümumilikdə yenidənqurma və təmir işləri komandamızın, azarkeşlərimizin və qonaqlarımızın daha yaxşı şəraitdə oynamasına, matç izləməsinə hesablanıb".
ABDULLA İSMAYILOĞLU




