1801-ci ildən nəşr olunan “Gibraltar Chronicle” qəzeti “Linkoln”la “Qarabağ” arasındakı ilk oyuna geniş yer ayırıb. “Linkoln” “Qarabağ”a son saniyələrdə uduzdu” adlanan reportajı müəyyən ixtisarla nəzərinizə çatdırırıq.
“Linkoln” ənənəyə uyğun olaraq, oyundan əvvəl “Diner 54” kafesində toplandı və ardından stadiona yollandı. Bernardo Lopeşin kapitan sarğısını götürməsi dəyişikliyin ilk əlaməti idi. Ona görə ki, baş məşqçi Roy Çipolinaya start heyətində şans verməmişdi.
Hakim start fitini səsləndirəndə havanın hərarəti 31 dərəcə idi. Fərqli fikirlər var idi ki, belə hava şəraiti meydan sahiblərinin, yoxsa qonaqların xeyrinə işləyəcək. Azərbaycan da yayda Cəbəllütariqdəkinə bənzər isti, rütubətli və quru havası ilə məşhurdu. Oyun nədənsə böyük maraq doğurmadı. Stadionun qərb trubunalarında bir neçə yüz (əslində 683 – “F+”) adam toplaşmışdı. Şərq tribunası isə tam boş idi, mühafizə xidmətinin əməkdaşı tək-tənha dayanmışdı.
"Football-plus.az" xəbər verir ki, “Linkoln”un start heyətində iki debütant – Ayu və Mandi var idi. Roy Çipolina ilə Skott Uayzmanın yoxluğu hiss olunmurdu, komanda onlarsız da güclü müdafiə “dördlüy”ünə malik idi. Qrem Torrilla ilə Culian Valarino da uzunmüddətli zədədən əziyyət çəkir.
Oyun “Qarabağ”ın üstünlüyü şəraitində başladı, “Linkoln” isə bütün gücü ilə meydanın özünə aid hissəsindən çıxmağa çalışırdı. İlk 20 dəqiqədən sonra qonaqların özünəinamı isti havanın da təsiri ilə buxarlandı. Hərçənd yenə də topa onlar daha çox nəzarət edirdi. 25-ci dəqiqədə “Linkoln” irəli çıxdı, Ayunun ötürmədindən sonra Kike Qomes qapıçını da aldadıb hesabı açdı. “Qarabağ” isə 32-ci dəqiqədə qapı tirini nişan aldı. Mandinin zədəsi oyunçuların su içməsinə şərait yaratdı. “Linkoln” hissənin sonuna qədər intizamla müdafiə olunmaqla rəqibin fərqlənməsinə imkan vermədi.
2-ci hissə başlayan kimi “Qarabağ” irəli atıldı. “Linkoln” erkən əvəzləməyə də məcbur oldu: Mandinin yerinə meydana debütant Ayil çıxdı. Qonaqlar 58-ci dəqiqədə hesabı bərabərləşdirdi. Müdafiənin sağ cinahında nəzarətsiz qalan Cicaya nə Ayu, nə də Xuampe mane ola bildi. “Qarabağ”ın pressinqi və hesabı dəyişmək istəyi üzündən Xavi Munyos daha iki dəyişikliyə əl atdı: Uoker və Britto meydanı tərk etdi, Kasyaro və debütant Luke oyuna qoşulmalı oldu. “Qarabağ” topa nəzarət baxımından dominantlıq etsə də, təhlükəli vəziyyət yarada bilmirdi. Tezliklə Xuampeni Xuan Penya əvəzlədi. “Linkoln” oyunu sürətli əks-hücumlar üzərində qurmağa çalışırdı. Tamaşaçılar hakimlər briqadasından narazılığını gizlətmədi. Ona görə ki, iki epizodda “Qarabağ”ın oyunçularının hərəkəti ilə bağlı etirazı qəbul olunmayan Bernardo Lopes sarı vərəqə aldı. Sona 8 dəqiqə qalmış “Linkoln” bir daha irəli atıldı, qonaqların yorulduğu görünürdü. Tribunalar da yerli futbolçuları irəli səsləyirdi. Amma bu təzyiq uzun müddət davam etmədi. “Qarabağ”ın oyunçuları yenidən qruplaşa və qısa ötürmələrlə təhlükəli vəziyyətlər yaratmağa başladı. Uzatma dəqiqələrində hər iki komanda qələbə axtarırdı. “Qarabağ” rəqib müdafiəsinin yatmasından uğurla yararlandı və final fitinə saniyələr qalmış Benzya qələbə topunu vurdu.