Təbii ki, Allah – insana ömrü verən də, alan da odu! Amma bu, sərlövhədəki sualın adi cavabıdı. Ölümü tezləşdirən və gecləşdirən o qədər səbəblər və şərtlər var ki... Bax, söhbət bu nöqtəyə gəldisə, məncə, Zakir Mahmudovu da kimin öldürməsi ilə bağlı sual üzərində düşünməyə dəyər.
Mərhum mütəxəssis uzun illər “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” kimi imkanlı klublarda baş məşqçinin köməkçisi olub. Sakit, fağır, aza qane olan, adı pərdəarxası oyunlarda hallanmayan, abrını gözləyən biri idi.
Beləsi maddi-mənəvi sıxıntılar içində dünyasını dəyişməyə layiq deyildi. Amma nə etmək olar? Qismət, alın yazısı deyilən anlayışlar da var. Və həmin qismət nə idisə, Zakir bəyi əlacsızlıqdan evini satmağa, gecələr metal yığıb çörəkpulunu çıxarmağa, kirayədə yaşamağa, bunlarla paralel həm də onkoloji xəstəliklə mübarizə aparmağa məcbur etmişdi. 2019-un martında verdiyi müsahibədə yana-yana deyirdi:
“Neftçi” öz veteranlarına sahib çıxır, amma Sumqayıtda biz yaşlı futbol adamlarıyla maraqlanan yoxdu, mənə, heç olmasa, 200-250 manatlıq bir iş versinlər, daxmamın kirayə pulunu çıxarım, çöldə qalmayım. Buna layiq deyiləm?”
Əlbəttə, biliyinizə və bacarığınıza görə layiq idiz, Zakir bəy. Amma “Sumqayıt”da olmaq, çalışmaq üçün bəzi başqa keyfiyyətlər də lazımdı ki, onlar da sizdə yox idi. Məsələn, “Sumqayıt”ın bir prezidenti var – Riad Rəfiyev. Şəxsən mən bəzən ona necə müraciət etməli olduğumu düşünəndə çətinlik çəkirəm. Sadəcə, bilmirəm ki, adam klub prezidentidi, yoxsa bu ölkədə futbolçu transferindən pul qazanan onlarla menecerdən biri?
Bildiyim qədər adamın menecerlik şirkəti də var. Belə bir mənzərəni təsəvvür edək: tutaq ki, Riad bəyin şirkəti hansısa futbolçunu “Zirə”yə satır, sabah həmin futbolçu Rəfiyevin prezidenti olduğu “Sumqayıt”la oyunda necə davranacaq, ümumiyyətlə, can qoyacaqmı? Nə yazıq ki, Azərbaycanda, xüsusən də futbol təsərrüfatında çoxdan “maraqların toqquşması” prinsipinə tüpürüblər. Eyni adamlar müxtəlif vəzifələrdə çalışırlar, özü də maraqların tez-tez toqquşduğu sahələrdə! Bunu da hamı bilir, mən də bilirəm, ona görə tez-tez vurğulamıram ki, dərhal bəzi ağzıgöyçəklər çıxıb kiminsə pulunu saymağım, çörəyinə bais olmağım ilə bağlı primitiv mülahizələr irəli sürəcəklər.
...Bəli, Zakir bəyi onkoloji xəstəlik, Allah, amma eyni zamanda həm də dəyərlərinə, dəyərlilərinə sahib çıxmayan “Sumqayıt” və Sumqayıt öldürdü. Allah rəhmət eləsin!
HUŞƏNG