Kristofer Nkunkunun “Çelsi”yə gözlənilən gəlişi rəsmiləşib. Fransalı futbolçu artıq bu kluba məxsusdu.
Bir neçə ay əvvəl bu transferin londonlular 60 milyon avrodan artıq qiymətə başa gələcəyi xəbər verilmişdi. “Leyptsiq”in artıq 26 yaşlı sabiq hücumçusu yeni klubu ilə 6 illik müqavilə bağlayıb. Kristofer ötən mövsüm Almaniya çempionatında iştirak etdiyi 25 oyunda 16 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.
İngiltərə klubunu üç futbolçu tərk edir. Nqolo Kante, gözlənildiyi kimi, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, “Əl-İttihad”la 4 illik müqaviləyə razılıq verib. Qeyri-rəsmi mənbələr fransalı yarımmüdafiəçinin ilə 25 milyon avro maaş alacağını qeyd edir. Nqolo yeni klubuna təmənnasız başa gələcək. Çünki onun londonlularla müqaviləsi iyunun 30-da qüvvədən düşəcək.
Yeri gəlmişkən, “Əl-İttihad” bir neçə gün əvvəl Kantenin Fransa yığmasından olan sabiq oyundaşı Kərim Benzemanı sıralarına qatıb.
“Çelsi”ni Mateo Kovaçiç də tərk edəcək. Xorvatiyalı yarımmüdafiəçi “Mançester Siti”yə yollanacaq. İtaliyalı jurnalist Fabritsio Romanonun yaydığı xəbərə görə, onun transferi İngiltərə çempionuna 35 milyon avroya başa gələcək.
Kay Havertssə “zadəganlar”la vidalaşmaq üzrədi. Amma alman futbolçu Londonda qalacaq. Yerli mənbələr onun “Arsenal”a 75,6 milyon avroya satılacağını xəbər verir. Tərəflərin müqavilənin son detallarını razılaşdırma mərhələsində olduqları bildirilir.
"Football-plus.az"