Bu gün futbolsevərlər üçün böyük bayramdı. Avropada futbol mövsümünə şah oyunla – Çempionlar Liqasının finalı ilə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəlib. Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirilən görüş "Mançester Siti"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "şəhərlilər" tarixlərində ilk dəfə ÇL-in qalibi olublar.
final
10 iyun
Mançester Siti – İnter 1:0
Rodri, 68
Hakim: Şimon Marçinyak (Polşa)
Cəzalı: yoxdu
Avrokuboklarda qarşılaşmayıblar
İnzaqinin finallarla bağlı seriyası davam edəcəkmi?
Çoxdandı ki, iki tərəfdən birinin bu dərəcədə aşkar şəkildə favorit sayıldığı ÇL-in finalı olmamışdı. Amma bu, “İnter”in günahı deyil. Sadəcə, “Mançester Siti” sözün əsl mənasında fenomenal futbol sərgiləyir. Hər halda, “Leyptsiq”i 7:0, “Bavariya”nı 3:0, “Real”ı 4:0 darmadağı edən klubdan danışırıq. “Siti” bu mövsüm ÇL-də məğlub olmayan, ən çox qol vuran (31) və ən az qol buraxan (5) kollektiv statusuyla İstanbula gəlib.
Əslində Xosep Qvardiolanın komandasından finalda əzəmətli performans yox, yalnız kuboku başı üzərinə qaldırmaq tələb olunur. Yəqin “Siti” fanatları və bu kluba simpatiya bəsləyənlər də “zəif oynasınlar, amma qalib gəlsinlər” fikri ilə razılaşar. Çünki belə güclü klubun indiyə qədər ÇL-də qalib gələ bilməməsi sanki bir mistika və ya lənətdi. “Siti” nə vaxt ÇL-i qazanacaq” sualı artıq neçə ildi futbolsevərlərin cavab axtardığı başlıca mövzulardandı. 2 il öncə Qvardiolanın “özündən Amerika kəşf etməsi”, De Bruynenin zədələnməsi (və Holann kimi hücumçunun olmaması) kimi amillər üzündən “Siti” “Çelsi” müdafiəsini yara bilməyərək finalda uduzmuşdu.
Qvardiolanın açıqlamalarından belə qənaətə gəlmək olar ki, o artıq final(lar)da yeni bir şey kəşf etməyə ehtiyac olmadığını anlayıb. “Siti”nin yetərincə oturuşmuş heyəti var və “11-lik” aşağı-yuxarı, demək olar, bəllidi.
Qısası, bu oyunda hər şey “şəhərlilər”in özündən asılı olacaq. Komandanın topa nəzarət edəcəyi və böyük üstünlüyə malik olacağı şübhə doğurmur. Qalır yalnız topu 7 metrəlik qapıya göndərmək.
“Siti” finalda özünə qarşı oynamayacaq. Ona görə də bir qədər “İnter”dən də danışmaq lazımdı. Hər halda, mövsümdən öncə finala kimin yüksələcəyi ilə bağlı sorğu keçirilsəydi, “İnter” orda bəlkə də heç ilk “8-liy”ə düşməzdi. Özü də nəzərə alaq ki, “neradzurra” “ölüm qrupu”nda yer almışdı. Bu məqamı elə-belə qeyd etmədik. Simone İnzaqinin kollektivi istər oyun planında, istərsə də heyətinə görə rəqibindən aşkar zəif görünür.
Bütün futbol dünyası “Siti”nin güclü olduğunu qəbul edir. İtaliyalıların üzərində heç bir təzyiq olmayacaq. Məğlubiyyət durumunda onları heç kim tənqid etməyəcək. Belə həlledici oyunlarda bəzən bu amil heç də az rol oynamır. Yəni aşkar autsayder sayılması “İnter”in gizli üstünlüklərindən biridi. Milan klubunun bu mövsüm həlledici məqamlarda toparlanmağı bacarmaq keyfiyyəti də xüsusi vurğulanmalıdı. Düzdü, komanda A seriyasında yalnız 3-cü oldu. Amma konkret bir matça və həlledici görüşlərə “İnter” köklənməyi çox gözəl bacarır.
Qrupda “Barselona”, yarimfinalda “Milan”la oyunlar, eləcə də ölkə kubokunun və superkubokunun finalındakı qarşılaşmalar buna sübutdu. Ən əsası Simone İnzaqinin finallarla bağlı mükəmməl bir statistikası var. Onun çalışdırdığı klublar (“Latsio” və “İnter”) son 7 finalın hamısından qələbə ilə ayrılıb! Yəni 47 yaşlı mütəxəssis komandalarını finala çox gözəl hazırlamağı bacarır. Hərçənd ÇL-in finalı tam başqa söhbətin mövzusudu. Qvardiola və “Siti”dən fərqli İnzaqinin və “İnter”in heç bir oyunçusununun bu turnirdə final təcrübəsi yoxdu.
İstanbul kimə düşərli olacaq?
Bir qədər də işin statistik məqamlarına yönələk. Əslində Qvardiolanın “İnter”lə öz haqq-hesabı var. Bilindiyi kimi, bu mütəxəssisin Avropada tüğyan edən “Barselona”sı 2009 və 2011-ci illərdə ÇL-i qazanmışdı. Arada olan 2010-cu ildə isə həmin “Barsa”nın qarşısını yarımfinalda məhz “İnter” kəsmişdi. “Siti” turnirin tarixində uduzmadan çempion olan 15-ci (ÇL dönəmində 8-ci) komanda ola bilər.
Bundan başqa, “şəhərlilər” bu turniri qazanan 23-cü fərqli komanda kimi tarixə düşə bilər. Sonuncu dəfə bu siyahı 2012-də “Çelsi”nin qələbəsindən sonra yenilənmişdi. Son 6 ildə 5-ci dəfə bu nəhəng turnirin finalında İngiltərə təmsilçisinin yer alması diqqəti çəkir. Amma turnir ÇL adı ilə keçirilməyə başlandığı vaxtdan bəri İngiltərə təmsilçilərinin 15 finalın yalnız 6-da qələbə qazandığını xüsusi qeyd etməyə dəyər.
“Siti” 2021-dəki finaldan başqa tarixində cəmi bir dəfə Avropada final oynayıb. 1969/70-də Kuboklar Kubokunun finalında Zabrze “Qurnik”i üzərində qələbə əldə olunub (2:1). Yeri gəlmişkən, mankunianların İstanbulla bağlı çox maraqlı bir hekayəsi var.
Məsələ burasındadı ki, komanda avrokuboklarda tarixinin ilk səfər oyununu məhz İstanbulda keçirib! Bu hadisə 1968/69-da Çempionlar Kubokunun 1-ci mərhələsində baş verib. Rəqib “Fənərbaxça” idi. İndi inanmaq çətin olsa da, evdəki qolsuz bərabərlikdən sonra “Siti” İstanbulda 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. Təbii ki, trebl məsələsini də mütləq vurğulamalıyıq. Çünki “şəhərlilər” tarixi uğurun astanasındadı. “Siti” futbol tarixinə trebl edən 8-ci fərqli komanda kimi düşə bilər. Maraqlıdı ki, bu uğuru yaşayanlar arasında “Real” yoxdu. Halbuki “Barselona” və “Bavariya” bunu iki fərqli mövsümdə bacarıb. Qvardiola üçün də tarixə düşmək şansı var.
Kataloniyalı mütəxəssis həm 35-ci titulunu qazanaraq futbol tarixində ən titullu məqşçilərin siyahısında 2-ci pillədə olan Mirça Luçeskuya çata, həm də iki fərqli klubla trebl edən ilk məşqçi kimi tarixə düşə bilər. İtaliya klublarına qarşı oyunlara gəlincə, “Siti” son 4 qarşılaşmada uduzmayıb (3 qələbə, 1 heç-heçə). Ümumi göstərici belədi: 6 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət.
“İnter” finala qədər olan yolda cəmi iki dəfə uduzub. Hər iki məğlubiyyət qrupda “Bavariya” ilə oyunlarda qeydə alınıb. Maraqlıdı ki, bu mövsüm milanlılar 8 dəfə qapını toxunulmaz saxlasalar da, “Siti”dən 2 dəfə çox – 10 top buraxıblar. 2010-da “Bavariya”nı yenməklə bu turniri qazanan son İtaliya təmsilçisi statusunda olan “İnter” əvvəlki 5 finalın 3-dən qalib ayrılıb. “Neradzurra” ÇL-də qələbə sayında “Ayaks”a çata bilər. İtaliya təmsilçilərinin bu turnirin finalında uğurlu çıxış etdiyini söyləmək çətindi (28 final, 12 qələbə, ÇL dönəmində 13 final, 5 qələbə). Son avrokubok finalı “İnter” üçün uğurlu alınmamışdı. Komanda 2020-də AL-in həlledici oyununda “Sevilya”ya boyun əymişdi.
Ümumilikdə “İnter” tarixi ərzində 13 avrokubok finalının 8-dən qalib ayrılıb. “Neradzurra”nın Türkiyə ilə bağlı xatirələri o qədər xoş deyil. Komanda burda tarixində keçirdiyi ilk oyunda qalib gəlsə də, sonrakı 5 matçın hamısında qələbəyə həsrət qalıb. Son 2 oyunda isə hətta qola da həsrət qalıb. Diqqəti çəkən fakt odu ki, “İnter” buna qədər ÇL-də zəfər əldə etdiyi 3 mövsümün hər birində yolüstü mütləq İngiltərə klubunu üstələyib! 1963/64-də təsnifat mərhələsində “Everton” (evdə 1:0, səfərdə 0:0), 1 il sonra yarımfinalda “Liverpul” (evdə 3:0, səfərdə 1:3), 2009/10-un 1/8 finalında isə “Çelsi” (evdə 2:1, səfərdə 1:0) mübarizədən kənarlaşdırılıb. Bu dəfə İngiltərə klubunu finalda üstələmək lazım olacaq.
2005-dəki İstanbul finalının XXI əsrdə ÇL-in ən məhsuldar finalı olduğunu nəzərə alaraq budəfəki finalın da tarixi alınacağına ümid edirik. Artıq söz futbolçularındı!
Maraqlıdı...
“Mançester Siti” ilə “İnter”in yolu buna qədər avrokuboklarda heç vaxt kəsişməyib. Onların ilk dəfə məhz ÇL-in finalında üz-üzə gəlməsi ortaya maraqlı bir faktın çıxmasına səbəb olub. Sonuncu dəfə yolu ilk dəfə ÇL-in finalında kəsişən klublar 2005-ci ildə “Liverpul” və “Milan” olub! Ən qəribəsi odu ki, həmin vaxt da İngiltərə nəhəngi ilə İtaliya nəhənginin duelinə məhz İstanbul evsahibliyi etmişdi...
Yeri gəlmişkən...
İki klubun heyətini ələk-vələk etsək, karyerasında daha öncə ÇL-i qazanmış cəmi bir futbolçu taparıq. Bu, “Mançester Siti”nin 3-cü qapıçısı statusunda olan Skott Karsondu. Sizcə o, ÇL-i nə vaxt və harda qazanıb? 2005-də, İstanbulda, “Liverpul”un heyətində! Həmin vaxt o, mersisaydlıların ehtiyat qapıçısı idi. 2019-dan “Siti”də olan 37 yaşlı qapıçı geridə qalan 4 mövsümdə cəmi 2 rəsmi oyunda meydana çıxıb.
Açılışı kim edəcək?
Adəti üzrə bu dəfə də finaldan öncə gözəl və rəngarəng şou təşkil olunacaq. Bu il start fitindən öncə İstanbulda futbolsevərlər önündə məşhur müğənni Annita, nigeriyalı musiqiçi və bəstəkar “Burna Boy”, eləcə də dicey Alesso çıxış edəcək. Annita 2013-cü ildə buraxdığı “Zen” adlı hiti ilə Latın Amerikası ölkələrində böyük populyarlıq qazandı. Son dönəmlərdə o, ABŞ və Avropada da yetərincə tanınır. Tam adı Damini Ebunoluva Oqulu olan “Burna Boy” təxəllüsü ilə çıxış edən 31 yaşlı müğənni futbolun böyük pərəstişkarıdı. Onun “Last Last” və “İt`s Plenty” adlı dünyaca məşhur hitləri var. Son illərin məşhur diceyi Alesso isə xüsusi qonaq qismində çıxış edəcək.