Avropa Liqalarının 46-cı Baş Assambleyası Çexiyanın paytaxtı Praqada baş tutub. Avropanın 34 ölkəsindən 40 liqanın 80-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirdə PFL-in prezidenti Elxan Səmədovla qurumun texniki-idman direktoru Elgiz Abbasov da iştirak edib.
"Football-plus.az" olaraq səfərlə bağlı detalları öyrənmək üçün Elgiz bəylə əlaqə saxladıq:
"PFL 2013-cü ildən etibarən Avropa Peşəkar Futbol Liqalarının, indiki adıyla desək, Avropa Liqalarının tamhüquqlu üzvüdü. Bu müddət ərzində müəyyən işbirliyimiz olub. Yaxın keçmişə nəzər salsaq, beynəlxalq təcrübədən yararlanaraq müvafiq yenilikləri çempionatımızda tətbiq etmişik. Bu il əməkdaşlığımız daha üst səviyyəyə çatıb. Hesab edirik ki, bu əməkdaşlığın daha da səmərəli olması üçün perspektiv var. Baş Assambleyadan danışmazdan əvvəl vurğulamaq istərdim ki, PFL prezidenti Elxan Səmədəv Avstriyanın paytaxtı Vyanada keçirilən sammitdə iştirak etmişdi.
Həmin görüşdən sonra PFL Baş Assambleyaya dəvət aldı. Ölkəmizi orda Elxan Səmədovla mən təmsil etdik. İlk gündə Avropa Liqalarının icraçı direktoru Yakko Svartla təkbətək görüşümüz oldu. Avropa Liqaları ilə PFL arasındakı hazırkı əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə olundu. Bundan başqa, İsrail, Latviya, İngiltərə, Qazaxıstan, Belçika, İspaniya və Türkiyə təmsilçiləri ilə işgüzar zəmində təkbətək görüşlərimiz oldu. Hesab edirik ki, bunlar səmərəli görüşlər idi. İndi tam detallara varmaq istəməsək də, gələcəkdə mərhələli şəkildə bununla bağlı danışarıq. Sadəcə, bildirmək istərdim ki, bu görüşlərdə ümumilikdə klubların və çempionatın vəziyyəti, akademiyaların perspektivi, həmçinin klubların liqa, liqanın klublar qarşısındakı məsuliyyəti barədə ətraflı müzakirələr aparıldı".
Bu arada “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si ilə bağlı 32-ci turun “Neftçi” – “Qarabağ” qarşılaşmasının tarixi və başlama vaxtı dəyişib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-u, saat 19.00-da yox, mayın 2-si, saat 20.00-da “Bakcell Arena”da başlayacaq. Elgiz bəy bu məsələyə belə aydınlıq gətirdi:
"Bildiyiniz kimi, aprelin 28-30-da Bakıda “Formula-1” yarışları keçiriləcək. “Neftçi” – “Qarabağ” oyunu da vacib, derbi xarakteri daşıdığından, böyük azarkeş diqqətini nəzərə alaraq bəzi təşkilatı məsələlərdə çətinlik yaşanmasın deyə bu qərara gəlindi. Təşkilatı məsələlər deyəndə yolların bağlı olması, təhlükəsizlik, təcili yardım, yanğınsöndürmə, ictimai nəqliyyat və başqa nüansları nəzərdə tuturam. Bununla bağlı həmin gün çətinlik yaşana bilərdi".
ABDULLA İSMAYILOĞLU