Elgiz Abbasov: “Qazonla bağlı dəyişikliklərdən sonra təkrar baxış keçirib qərar verəcəyik"

12.04.2023 15:57 270
---
Misli premyer-liqasının 28-ci turunun "Kəpəz" - "Səbail" oyunundan sonra Gəncə şəhər stadionunun ot örtüyü bərbad vəziyyətədə düşdü. Bu məsələ dərhal da idman mediasında gündəmə çevrildi. Haqlı tənqidlərdən nəticə çıxaran Peşəkar Futbol Liqası (PFL), nəhayət, gözlənilən addımı atdı.

Dünən qurumun rəsmi saytında yer alan xəbərə keçid alaq:

"Gəncə şəhər stadionunun ot örtüyünün Misli premyer-liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə bağlı PFL “Kəpəz”in müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində aşağıdakı dəyişiklikləri edir:

15 aprel
Kəpəz - Turan Tovuz

Qəbələ. Şəhər stadionu. Saat 16.00 (CBC Sport/canlı)

29 aprel
Kəpəz – Sumqayıt

Qəbələ. Şəhər stadionu. Saat 16.00 (CBC Sport/canlı)

Renovasiya işlərinə PFL tərəfindən baxış keçiriləndən sonra “Kəpəz”in 33-cü turdan sonrakı ev oyunlarını Gəncədə keçirib-keçirməyəcəyinə dair yekun qərar veriləcək".

Göründüyü kimi, “Kəpəz” yenidən Gəncədən qaçaq düşəcək. Yeni məkan isə Qəbələdi. Məsələ ilə bağlı öncə PFL-in texniki-idman direktoru Elgiz Abbasovla danışdıq:

"Stadionun ot örtüyü yararsız vəziyyətə düşəndən sonra ora baxış keçirdik və qərara aldıq ki, "Kəpəz" aprel üçün nəzərdə tutulan ev oyunlarını Qəbələ şəhər stadionunda keçirsin. Qazonla bağlı dəyişikliklərdən sonra təkrar baxış keçirib qərar verəcəyik".


"Kəpəz"in mətbuat katibi Azad Mustafayevin reaksiyası isə belə oldu:

"PFL-in yaydığı rəsmi xəbərdə qeyd olunanlara əlavəm yoxdu. Nə yazılıb, nə deyilibsə, bizim üçün qanundu. Stadionumuzda ot örtüyünün vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı işlər aparacağıq".

ABDULLA İSMAYILOĞLU