Son illər çıxış etdiyi İspaniyada daim irqçi təhqirlərə məruz qalan Vinisius Junior ölkəsindən böyük dəstək almaqdadı. “Real”ın braziliyalı yarımmüdafiəçisi bu baxımdan rəsmi orqan və milli komanda tərəfindən növbəti dəfə dəstəklənib.
“Football-plus.az” xəbər verir ki, Rio de Janeyro şəhərinin qanunverici orqanı çərşənbə axşamı İrqçilik Haqqında Qanun layihəsini qəbul edib. Bundan sonra bu məsələdə son söz qubernator Klaudio Kastronun verəcəyi sanksiyalardan asılı olacaq. Vinisiusun şərəfinə onun adı verilən qanun layihəsi irqçiliyin qeydə alınacağı idman yarışlarında oyunların dayandırılmasını və hətta ləğvini nəzərdə tutur. Bu təklif Rio de Janeyro şəhərinin qanunverici orqanında yekdilliklə qəbul edilib. Layihəyə matçların dayandırılmasından başqa ayrıca protokolun tərtibi, prokurorluğa irqçilik hadisəsi ilə bağlı şikayətin ünvanlanması və irqçi təhqirə məruz qalan idmançıya xüsusi sosial yardımın edilməsi də daxildi. Qanun layihəsinin müəllifi olan professor Xosemar KİV-ə belə açıqlama verib: “İrqçiliyə xüsusilə də idmanda birdəfəlik son qoymalıyıq. Bu qanun irqçiliyə qarşı mübarizə və bərabər münasibətlərin hökm sürdüyü cəmiyyətin qurulması üçün hazırlanıb”.
Xatırladaq ki, La Liqanın 35-ci turunun oyununda “Valensiya”nın azarkeşləri Vinisiusu “meymun” və “axmaq” adlandıraraq təhqir etmişdilər. Nəticədə hakim matçı 8 dəqiqəliyə dayandırmışdı. Bu insidentə görə “Valensiya”nın üç fanatı həbs olunmuşdu. Junior rəqib oyunçu ilə ciddi mübahisə etdiyi üçün qırmızı vərəqə alsa da, sonradan bu cəzası ləğv edilmişdi.
Braziliyada 22 yaşlı futbolçuya daha bir dəstək aksiyası da nümayiş etdiriləcək. Milli komanda tarixində ilk dəfə meydana qara formada çıxacaq. İyunun 17-də Barselonada Qvineya yığması ilə keçiriləcək yoldaşlıq matçında belə aksiya keçirəcək yığmanın oyunçuları fasilədən sonra oyuna ənənəvi sarı və göy rəngli formalarda davam edəcəklər.