Koman ardıcıl 11 ildi, çempion olur!

28.05.2023 16:21 255
Dünya futbolu
Almaniya çempionatında mövsümün sonluğu olduqca dramatik alındı.

"Football-plus.az" xəbər verir ki, son tura lider kimi daxil olan Dortmund ''Borussiya''sına çempion olmaq üçün evdə ''Maynts-05''i yenmək kifayət edirdi. Amma görüş 2:2-lik bərabərliklə yekunlaşdı. ''Köln''ü səfərdə 2:1 məğlub edən ''Bavariya'' daha yaxşı top fərqinə malik olduğu üçün ardıcıl 11-ci çempionluğunu qazandı. Bu da o deməkdi ki, Kinqsli Komanın inanılmaz seriyası davam edir. Fransalı vingerin gələn ay 27 yaşı olacaq. O, peşəkar karyerasında bütün mövsümlərdə çempion olmağı bacarıb! Koman ilk 2 çempionluğunu doğma klubu olan PSJ-də əldə edib. Daha sonra bir mövsüm şərəfini qoruduğu ''Yuventus'' ilə skudettonu qazanıb. 2016-dan bu yana isə ''Bavariya'' ilə ardıcıl 8 dəfə çempion olub. Yəni 27 yaşlı futbolçu son 11 ilin hamısında çempionluq sevinci yaşayıb.