Şahmat yığmamızın üzvü Teymur Rəcəbov “championat.com” saytına müsahibə verib. Geniş müsahibədən maraqlı hissələri diqqətinizə çatdırırıq.
* Lionel Messi tarixin ən böyük futbolçusudu. Dünya çempionluğundan sonra onun ən yaxşı olmasına heç bir şübhə qalmadı. Bu turnirdən öncə Kriştiano Ronaldoya üstünlük verirdim. Lakin finalda Fransanı üstələyəndən sonra Messi hər şeyi hamıya sübut etdi.
* Qətərdəki mundiala baxdım və həmişə olduğu kimi, Braziliyaya azarkeşlik edirdim. Azərbaycan millisi dünya çempionatında iştirak etsəydi, öz komandamı dəstəkləyərdim. Azarkeşlik etdiyim komanda mübarizəni dayandırandan sonra konkret futbolçulara baxırdım. Məsələn, Kilian Mbappenin oyununa baxmamaq, sadəcə, mümkün deyil. Onun və Messinin meydanda etdikləri fantastikdi. Messiyə görə şadam ki, parlaq karyerasında artıq hər şeyi qazanıb.
* Mən Ronaldoçuyam. Onun bədəninə necə qulluq etdiyini, hər uçuşdan sonra buz vannası qəbul etdiyini, “Real”da məşqə birinci gəldiyini oxumuşdum. O, super peşəkardı. Qazandığı titullara tam layiq olan tarixi şəxsiyyətdi. Belə insanlar yüz milyonlarda birdi. Ronaldo insanın nəyə nail ola biləcəyinin nümunəsidi. Məndə belə bir hiss var ki, onun karyerası heç də bacardığı kimi bitmir. Dünya çempionluğundan başqa çox şey qazandı. Futbol komanda oyunudu. Qətərdə Argentina millisi əla oynadı. Bəxtdən də çox şey asılıdı. Fransızlar son saniyələrdə yüzfaizlik şansı qola çevirsəydi, indi deyəcəkdik ki, Messi heç vaxt dünya çempionu olmayacaq. İndi bu titulu Ronaldo qazanmayacaq. Amma onun gözəl idman həyatı olub.
* Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanda şahmatın inkişafı üçün xeyli iş görülür. Şahmat ölkədə futboldan sonra əsas idman növlərindən biridi. Hətta yeniyetmələrin və gənclərin çıxışına böyük diqqət yetirilir. Bəzən bunu unudursan, ancaq bir oyunda uduzan kimi Azərbaycanda şahmata marağın nə qədər yüksək olduğunu dərhal xatırlayırsan (gülür). Dövlət tərəfindən böyük dəstək var. Ölkəmizdə şahmatçılara bir növ qəhrəman kimi yanaşırlar. Dünya çempionu adı uğrunda qarşılaşmada azərbaycanlı qrossmeyster oynasaydı, evsahibliyi ilə bağlı Bakıdan dərhal təklif gələrdi. Buna əminəm.
* Futbolla yanaşı, başqa idman növlərini də izləyirəm. Uşaqlıqda “Formula-1” yarışlarına maraqla baxırdım. Xüsusən də Ayrton Senna ilə Mihael Şumaxeri dəstəkləyirdim. Dəfələrlə Bakıda keçirilən “Formula-1” yarışına dəvət almışam. Lakin çox vaxt qatıldığım turnirlərlə üst-üstə düşürdü. Buna rəğmən, bir dəfə baxa bildim. Elit tamaşa idi. Xüsusən də pit-stoplar. Adam inana bilmir. Bulvar boyunca uzanan düz xətt və döngələrin çox olduğu trekdə maraqlı mübarizə yaşanır.
* Rocer Federer, Rafael Nadal və Novak Cokoviç ilə şahmat oynamaq istərdim. Onlar idman dünyasının böyük üçlüyüdü. Uzun illərdir Federerə azarkeşlik edirəm. Onların üçü ilə eyni anda oynamaq istəyərəm. Niyə də yox?! Mən nəinki böyük idmançılarla oynayar, həm də söhbət edərdim. Onlarla bir neçə dəfə danışıb şəkil çəkdirmişəm. Amma qarşımda konkret oturub nəsə yemək və söhbət etmək kimi bir vəzifə olmayıb. Bu, Londondakı "O2 arenada" ATP turniri zamanı baş verib. Mənə çox maraqlıdı ki, Cokoviç doğrudan da şahmatı yaxşı oynayır, yoxsa Boris Bekkerlə lövhədə əyləşəndə, sadəcə, imic üçün şəkil çəkdirir?
* “The Chess Journal” nəşrinin məni dünyanın ən imanlı şahmatçısı adlandırması və sərvətimin 20 milyon dollara yaxın olduğunu iddia etməsi şayiədi. Bu, sadəcə, pis jurnalist işidi. Mən fərqli istiqamətlərlə məşğulam və burdan gəlirimi müqayisə etməmişəm. Bu üzdən dəqiq deyə bilmərəm.
* Ən pis vərdişim müsahibə verməkdi (gülür). Bu, çox vaxt və enerji alır. Bəzən də fikirlərin fərqli çatdırılır ki, bu da kimlərəsə xoş gəlmir. Pis vərdişdi, amma məcburidi.
* Hazırkı fiziki hazırlığımı 10 ballıq şkala ilə 3-4 balla qiymətləndirərdim. Yüksək səviyyədə oynamaq üçün özümə gəlməliyəm. Praktika göstərir ki, hazırda arıq şahmatçılar daha çox uğur qazanır. Bu çox vacib detaldı. Çoxlarının biliyi eynidi, psixoloji durum, əminlik, motivasiya və fiziki hazırlıq önə çıxır. Bir sözlə, bu yöndə böyük iş görməliyəm. Bu adi vəd yox, vacib addımdı. Mən formaya dieta və gəzməklə düşürəm. Qaça, üzə də bilərəm. Əvvəl böyük ternnislə məşğul olurdim, indi isə dizim oynamağa mane olur. Bu üzdən gəzmək optimal variantdı.