Ölkəmizin futbol yığması tarixində 4-cü dəfə martın 24-də yaşıl meydana çıxacaq.
“Football-plus.az” xəbər verir ki, əvvəlki üç oyunun statistikası heç də sevindirici deyil. Üç oyunun hər biri seçmə mərhələ çərçivəsində baş tutub.
2001-ci ilin məhz bu günündə DÇ-2002-nin seçmə oyununda Moldovanı qəbul edən yığmamız rəqib qapısına yol tapa bilməyib – 0:0. 2007-ci ilin bu günündə isə AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Polşanın qonağı olmuşuq. Və qorxunc hesabla uduzmuşuq – 0:5. 2021-ci ilin bu günündə də yığma meydana çıxıb. DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Turində keçirilən oyundan Portuqaliya qələbə ilə ayrılıb – 1:0.
Bir halda ki “atalar üçdən deyib” məsəli yığmamızın timsalında doğrulmayıb, onda heç olmasa, 4-cü oyunda uğurlu nəticəyə ümid bəsləyirik. Bu gün Moldova ilə oyunun hesabının təkrarlanması heç də pis olmazdı.
ORXAN