Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə əldə edib.
"Football-plus.az" xəbər verir ki, 97 kq-da çıxış edən idmançı yarımfinalda Almaniya təmsilçisi Lukas Lazogianisə 7:5 hesabı ilə qalib gəlib. O, finalda macarıstanlı Aleks Şokeni sınağa çəkəcək.
82 kq-da yer alan İsmayıl Rzayev isə bürünc medal uğrunda mübarizəni davam etdirəcək. 1/8 finalda məğlub olduğu norveçli Eksaus Mukubu finala yüksəldiyindən Azərbaycan güləşçisi təsəlliverici qarşılaşmaya çıxacaq. Rəqib polşalı Adam Qardziola olacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli adını finala yazdırıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə moldovalı Aleksandrin Qutunla üz-üzə gələcək.