Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
"Football-plus.az" xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaq.
1/8 final, cavab oyunları
15 mart
Real – Liverpul
Hakim: Feliks Tsvayer (Almaniya)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +6=1-3
İlk oyun – 5:2
“Liverpul” tarixinin ən təzadlı mövsümlərindən birini keçirməkdə davam edir. Hər halda, “Mançester Yunayted”ə 7 qol vurduqdan bir neçə gün sonra premyer-liqanın sonuncu pilləsində qərarlaşan “Bornmut”a məhz indiki “Liverpul” uduza bilərdi. Bu təzad “Real”la ilk matçda da yaşandı. İlk 14 dəqiqəyə 2 qol vuran komanda sonrakı 52 dəqiqə ərzində 5 top buraxdı! “Qırmızılar”ın şanlı tarixi və böyüklüyü onları “Bernabeu”da qələbəyə oynamağa vadar edir. Düzdü, bunun alınıb-alınmayacağı başqa söhbətin mövzusudu. Yeri gəlmişkən, ÇL-in pley-offunda ilk oyunda 3 top fərqi ilə uduzandan sonra mərhələni adlayan son komanda məhz elə Yürgen Kloppun “Liverpul”udu! 4 il əvvəl yarımfinalda “Barselona”ya qarşı dueldə baş verən tarixi geridönüşü nəzərdə tuturuq. Amma indi bir prinsipial fərq var. “Liverpul” həmin vaxt birinci məğlubiyyəti evdə yox, səfərdə yaşamışdı. Ona görə də bu dəfə komandanın işi qat-qat çətin olacaq. Maraq üçün bildirək ki, ÇL tarixində ilk görüşdə evdə 3 top fərqi ilə uduzandan sonra mərhələ adlayan klub olmayıb! Amma ingilisləri ümidləndirən “Ayaks” örnəyi var. Amsterdam nəhəngi 2018/19-da 1/8 finalda evdə “Real”a 1:2 boyun əydikdən sonra “Bernabeuda” tarix yazaraq 4:1-lik qələbə qazanmışdı. Bu nəticə sabah “Liverpul”a oyunu əlavə vaxta daşımağa kömək edə bilər. Hərçənd mersisaydlıların Madrid nəhənginə qarşı son 7 oyundan 6 məğlubiyyət, 1 heç-heçə ilə ayrıldığını xatırlayanda mərhələni adlamaq perspektivindən danışmaq bir qədər gülməli səslənir. “Real”ın tarixində səfərdə qalib gəldikdən sonra mərhələni adlaya bilməməsinə cəmi 2 dəfə rast gəlinib. Az öncə xatırlatdığımız “Ayaks”la dueldən başqa bu hal 1994/95-də UEFA kubokunun 3-cü mərhələsində Danimarka təmsilçisi “Odense” ilə dueldə yaşanıb (səfərdə 3:2, evdə 0:2). “Liverpul”un isə buna qədər pley-offa ev məğlubiyyəti ilə başlamasına cəmi 1 dəfə rast gəlinib. Bu hal 2008/09-da ÇL-in 1/4 finalında “Çelsi” ilə dueldə baş verib. “Qırmızılar” həmin vaxt mübarizəni dayandırmalı olmuşdular (evdə 1:3, səfərdə 4:4).
Napoli – Ayntraxt F
Hakim: Entoni Teylor (İngltərə)
Cəzalı: yoxdu/Kolo Muani
Avrokuboklardakı oyunlarının balansı: +1=0-2
İlk oyun – 2:0
Tarixi mövsüm keçirən “Napoli” tarixi bir hadisənin astanasındadı. Çünki nepaollular indiyə qədər heç vaxt Avropanın əsas klub turnirində 1/4 final üzü görməyiblər! Əfsanəvi Maradonanın dönəmində, yəni 1980-lərin sonlarında komanda iki dəfə ölkə çempionu kimi bu turnirdə oynasa da, 2-ci mərhələdən, yəni 1/8 finaldan o yana gedə bilməmişdi. Ümumiyyətlə, ÇL-in 1/8 finalı sanki bu komanda üçün lənətlənib. “Napoli” ən yeni tarixində, yəni son ildə 12 ildə də 3 dəfə bu mərhələdə mübarizəni dayandırıb. Başqa sözlə desək, gözümüzün önündə klubun tarixində yeni səhifə yazılır. Düzdü, futbolda hər şey mümkündü. Amma Luçano Spallettinin komandasının səfərdəki 2:0-ı əldən verəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik frankfurtluların əsas qol silahı Kolo Muani də cəzalıdı. Yəni Avropa Liqasının son qalibinə yalnız möcüzə və ya futbol Tanrısı kömək edə bilər. Onu da bildirək ki, “Napoli” indiyə qədər avrokubokların pley-offuna 8 dəfə səfər qələbəsi ilə başlayıb və bunların hamısında mərhələni adlayıb.
14 mart
Mançester Siti – Leyptsiq 7:0
Erlin Holann, 23 (p.), 24, 45+2, 54, 57, İlkay Gündoğan, 49, Kevin de Brüyn, 90+2
Hakim: Slavko Vinçiç (Sloveniya)
Cəzalı: yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +1=1-1
İlk oyun – 1:1
“Leyptsiq” ev oyununda bir qədər də diqqətli olsaydı, qələbə qolunu da vura bilərdi. Bunun üçün fürsətlər də var idi. Hər halda, pley-offda cavab oyununa 2:1 üstünlüklə çıxmaqla 1:1-lik bərabərliklə çıxmaq arasında böyük fərq var. Amma indi “öküzlər” “Etihad”da ya mütləq qalib gəlməli, ya da oyunu penalti seriyasına daşımalıdı. “Siti”nin ÇL-də son illərdə öz meydanındakı statistikasını nəzərə alsaq, Marko Rozenin kollektivi üçün bunu həyata keçirmək çox çətin olacaq. “Şəhərlilər” 2018-in sentyabrında “Lion”a uduzandan bəri evdə keçirdikləri 23 qarşılaşmanın heç birində məğlub olmayıblar və bunların 21-də qələbə qazanıblar! Özü də bu qələbələrdən biri ötən mövsüm məhz elə “Leyptsiq” üzərində əldə olunmuşdu (6:3). Həmin oyun almanların lideri Nkunkunun het-triki ilə əlamətdar olmuşdu. Amma son dönəmlərdə zəddədən əziyyət çəkən fransalı vinger bugünkü oyunu buraxmalı olacaq. Yeri gəlmişkən, Roze artıq bir dəfə ÇL-in pley-offunda “Siti”nin qurbanı olub. Onun çalışdırdığı Münhenqladbax “Borussiya”sı 2020/21-in 1/8 finalında bu rəqibə hər iki görüşdə 0:2 hesabı ilə uduzmuşdu. “Leyptsiq” üçün ən qorxuducu fakt odu ki, “Siti” indiyə qədər 7 dəfə pley-offlara səfər heç-heçəsi ilə başlayıb və bunların hamısında evdə mərhələni adlamağı bacarıb. Hərçənd cəmi 14 illik tarixə malik olan “Leyptsiq” özü indiyə qədər 2 dəfə pley-offa ev heç-heçəsi ilə başlayıb və maraqlıdı ki, hər iki halda səfərdə növbəti mərhələyə yüksəlib!
Portu - İnter 0:0
Hakim: Şimon Marçinyak (Polşa)
Cəzalı: Otavio/yoxdu
Avrokuboklardakı oyunlarının balansı: +1=1-3
İlk oyun – 0:1
İlk oyundakı minimal hesablı qələbəyə baxmayaraq, “İnter”in mərhələni adlayacağını əminliklə söyləmək olmaz. Çünki “Portu”nun son illərdə İtaliya nəhənglərini məhz elə ÇL-in 1/8 finalında belə desək, gözü yeyir. “Əjdahalar” 2018/19-da “Roma”ya səfərdə 1:2 hesabı ilə uduzandan sonra evdə eyni hesabla qalib gəldilər. Əlavə vaxtda isə Telyesin penaltidən vurduğu qol portuqaliyalıları 1/4 finala daşıdı. 2020/21-də rəqib daha güclü – Kriştiano Ronaldolu “Yuventus” idi. “Portu” ilk oyunda evdə 2:1 üstün olduqdan sonra Turində eyni hesabla uduzdu. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləndilər və “Portu” səfər qolu hesabına yenə 1/4 finala adladı. Yəni “İnter” həm də bir növ həmyerlilərinin qisasını almağa çalışacaq. Hazırda “Portu”nu çalışdıran “İnter”in sabiq üzvü, bu komanda ilə 2002/03-də ÇL-in yarımfinalında oynayan Serjio Konseysao qarşıdakı oyuna mövsümün finalı gözü ilə baxdığını bildirib. Yeri gəlmişkən, bu komandaların yolu artıq bir dəfə ÇL-in 1/8 finalında kəsişib. 2004/05-ə təsadüf edən həmin duelin qalibi “İnter” olmuşdu. Amma 7 ay sonra bu dəfə qrup mərhələsi çərçivəsindəki oyunda “Portu” öz meydanında “neradzurra”nı 2 cavabsız qolla yenmişdi. Maraq üçün “Portu”nun evdə İtaliya klublarına qarşı statistikası ilə sizi tanış edirik: 8 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət. Amma ümumi götürəndə Avropa arenasında pley-offun ilk oyununda səfərdə uduzmaq komanda üçün yaxşı əlamət deyil. “Əjdahalar” indiyə qədər 23 belə halın yalnız 5-də evdə mərhələni adlamağı bacarıblar. “İnter” isə tarixi ərzində 45 dəfə pley-offlara ev qələbəsi ilə başlayıb və bunların yalnız 4-də cavab oyununda özünə lazım olan nəticəni təmin edə bilməyib.