Lionel Messi bu gedişlə PSJ-də çox da qalmayacaq. Dünya çempionu klubla yeni müqavilədən imtina etməyə yaxındı.
Yerli “Ekip” qəzetinin xəbərinə görə, çərşənbə günü futbolçunun atası Xorxe Messi ilə PSJ-nin rəhbərləri arasında görüş olub. Tərəflər yeni müqavilə üzrə danışıqlarda razılığa gələ bilməyiblər və Lonelin atası Parisi razılıq olmadan tərk edib. Halbuki yanvarda Fransa klubunun rəhbərliyi Messi ilə müqavilənin yenilənəcəyinə çox ümid bəsləyirdi. Bosslar ulduz futbolçu ilə tezliklə razılıq əldə ediləcəyini gözləyirdilər. Amma argentinalı futbolçu klubun 1 illik yeni müqavilə təklifini qəbul etməyib.
Yaxın günlərdə ata Messi ilə PSJ arasında daha bir görüşün olacağı gözlənilir. Ancaq tərəflərin razılığa gələcəyi güman olunmur. Klubla müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcək Lionelin “İnter Mayami”yə keçmək istədiyi iddia olunur. Yeri gəlmişkən, 35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 26 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə verib.