"Qarabağ" - "Gent" oyununun baş hakimi isveçli Məhəmməd Əl-Hakim idi.
Referinin ilk ciddi müdaxiləsi 48-ci dəqiqədə baş verdi. Musa Qurbanlının zərbəsi zamanı top rəqib futbolçu Cordan Torunariqanın əlinə dəydi. Hakim VAR-a müraciət edəndən sonra 11 metrlik nöqtəni göstərdi. Ümumilikdə isveçlinin matç ərzində müdaxilələri çox olmadı, rəsmi xəbərdarlıqları da az idi. 5 dəfə əlini cibinə atdı ki, bunlar da 2-ci hissəyə təsadüf etdi.
Məhəmməd Əl-Hakimin işinə daha detallı qiymət vermək üçün FİFA referisi Tahir Süleymanova müraciət etdik:
"Hər iki komanda müdafiəyə diqqət etsə də, ilk dəqiqələrdən görüş dinamikliyi, sürəti ilə seçilirdi. Rəqiblər meydanboyu pressinq tətbiq edir, yığcam oynamağa çalışır, zonaları daraldırdılar. Qarşılıqlı hücumlar, ikili mübarizələr sona kimi davam etdi. Hakimlik adına belə görüşləri idarə etmək asan deyil, referidən yüksək köklənmə, bacarıq tələb edir. Baş hakim komandaların yüksək temp təklifini nəinki qəbul etdi, meydanda sona kimi mübarizə aparmağa şərait yaratdı. Bəzi hallarda xırda follara belə əhəmiyyət verilmir, sürət "öldürülmürdü".
Meydanda amansız mübarizə getsə də, futbolçular oyun intizamını pozmur, qarşılıqlı hörmət nümayiş etdirirdilər. Buna referinin oyuna tam nəzarət etməsi də yardımçı olurdu, futbolçular həddi aşmırdı. Onların müsbət davranışını görərək baş hakim sarı vərəqələrdən də az istifadə edirdi. Onun futbolçularla ünsiyyəti təqdirəlayiq idi. Matçın kulminasiya nöqtəsi isə penalti epizodu ilə bağlı oldu. Musa Qurbanlının qapı istiqamətinə vurduğu topun qarşısını müdafiəçinin əli kəsdi. Cərimə meydançasında qarışıqlıq yaranmamışdı, epizod açıq görünürdü. Referi oyun anına tam nəzarət edirdi və epizodu görməməsi mümkün deyildi. Hakim oyunu davam etdirdi... VAR-dan gələn siqnala uyğun matçı dayandırdı. "Bir də bax, qərar ver" tövsiyəsi təsiredici oldu.
Daxili çempionatın ötən turunda olduğu kimi, VAR-a qarşı çıxılmadı, referi penalti nöqtəsini göstərdi. İkinci hissədə baş hakim ən azı üç dəfə keçilməz "sarı"ların üstündən ötdü. Bədavinin rəqibə qarşı, rəqib futbolçuların isə Yankoviçlə Veşoviçə qarşı kobudluğunu bağışladı. Referi təcrübəsi hesabına görüşü problemsiz, insidentsiz başa vurdu. Cavab görüşündə "Qarabağ" idarəçiliklə bağlı çətinliklər yaşaya bilər. "Gent"in baş məşqçisinin fikirləri ev oyununda UEFA-nın diqqətini çəkmək məqsədi daşıyır. Ağdamlılar Belçikada nəticəni qoruyub saxlamaq və növbəti mərhələyə adlamaq üçün son dərəcə ehtiyatlı davranmalıdı".
ABDULLA İSMAYILOĞLU