Kişi voleybolçular arasında yüksək liqada 7-ci turun "Xarı bülbül" - MOİK oyunu təxirə salınıb. Buna hakimlərin meydana çıxmaqdan imtina etməsi səbəb olub. Turun açılış matçında isə "Murov" "Neftçi"yə qalib gəlib - 3:0 (25:20, 25:19, 25:22).
Xal durumu: Murov – 17, Xarı bülbül, Neftçi – 9, MOİK - 1.
Ötən sayımızda Azərbaycan Voleybol Federasiyasının nizam-intizam komissiyasının iclasının keçirildiyini xəbər vermişdik. Toplantıda “Xarı bülbül”ün kapitanı İlqar İmamquliyevə 5-ci turda “Neftçi”ylə qarşılaşma zamanı intizam qaydalarını pozduğuna və qeyri-etik hərəkətlərə yol verdiyinə görə xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib. Bütün bunları nəzərə alaraq dünən İmamquliyevlə danışdıq:
“Bu il yüksək həvəs və böyük məqsədlərlə, heç bir sponsor və dəstək olmadan Şuşanı və qəhrəmanlıq rəmzi olan xarı bülbülü həm Azərbaycanda, həm də dünyada təmsil etmək məqsədilə “Xarı bülbül” klubunu yaratdıq. Təəssüf ki, cəhdimiz gözlədiyimizdən fərqli nəticələrə gətirib çıxardı. Demək olar ki, hər tərəfdən təzyiqlərə məruz qaldıq və belə də davam edir. Bir çox oyunlarda saysız-hesabsız hakim ədalətsizlikləri, əsassız tənqidlər və bütün üzvlərimizə toxunan mənəvi zərbələrə şahidlik etdik. Belə xoşagəlməz hadisələrdən biri də ”Neftçi” ilə oyunda başımıza gəldi. Həmin gün meydana üzərində şəhid adları əks olunan formalarla çıxmışdıq. Buna baxmayaraq, komandamıza Şuşa yox, sanki İrəvan təmsilçisi kimi yanaşıldı. Haqqımızdan istifadə edərək dəfələrlə hakimə qərəzli qərarlarına görə xəbərdarlıq etdik. Lakin çox aqressiv reaksiyaya məruz qaldıq və tələblərimiz qəbul olunmadı. Əfsuslar olsun ki, komandamıza oyunu idarə edən iki beynəlxalq dərəcəli hakim, illərin təcrübəli supervayzeri və 4 yan xətt hakimi tərəfindən 11 çox ciddi ədalətsizlik edildi. Bundan sonra şəxsən hakimə yaxınlaşdım və səhvlərlə bağlı iradımı bildirdim. Əl sıxışdıq və mənə narahatlığa ehtiyac olmadığını dedi. Elə hər şey də bundan sonra başladı. Yəni daha böyük rəzilliklər.
Qarşılaşmanın həlledici anında, hesabda 18:13 öndə olarkən hakim yenidən 5 səhvə yol verdi. Komanda olaraq narazılığımız isə növbəti dəfə diqqətə alınmadı. Rəqib düşərgənin manipulasiyası nəticəsində baş məşqçimiz Ziya Rəcədova sarı, kapitan kimi bu qərəzli qərara qarşı çıxdığıma görə mənə qırmızı vərəqə göstərildi. Onu da deyim ki, qərarlar daha da şiddətlənirdi. Rəqiblə mübarizə elə formalaşdırılmışdı ki, hesabımıza 1 xal yazdırmaq üçün 3-4 xal qazanmaq məcburiyyətində idik. “Neftçi”nin xalları isə hakimin cəhdləri ilə artırılırdı. Oyun sözün əsl mənasında xaosla bitdi. Qarşılaşmadan sonra baş hakim Zaur Hacıyev mənə yaxınlaşdı və söhbət etmək istədiyini dedi. Mən isə danışılacaq heç nəyin olmadığını söylədim. Mübahisə qızışandan sonra isə nalayiq ifadələr səsləndi. Sonda söhbətin mənasız olduğunu və ilk təhqiri özünün etdiyini deyib uzaqlaşdım. Zaur Hacıyev isə çox absurd addım atıb.
Belə ki, o, öz hakim yoldaşlarını toplayaraq federasiyanın adından saxta sənəd ortaya çıxarıb. Hətta sənədin üzərinə federasiyanın rəsmi möhürünü də vurublar. Hərçənd hakimlər kollegiyası federasiya tərkibində qərarverici qurum deyil. Bu barədə rəhbərliyə müraciət etdik. Faiq Qarayev eşidəndə dəhşətə gəldi. Dərhal sözügedən şəxslər çağırıldı və onlara etiraz etdi. Belə hakimliyin düzgün olmadığını və məsələnin ciddi araşdırılacağını diqqətə çatdırdı. Lakin qarşı tərəf səhvlərini qəbul etmədi. Faiq Qarayev mənə belə halların təkrarlanmaması ilə bağlı xəbərdarlıq etdi və şərti cəza verdi. Hörmət əlaməti kimi qərara qarşı çıxmadım. Amma əlimizdə bütün qanundankənar və ədalətsiz halların videosu var və detalların əsaslı şəkildə yer aldığı sübutları lazımi yerlərə göndərmişik. Ümumiyyətlə, komanda olaraq ağır təzyiqlərə məruz qalırıq. Başverənlər yaxşı hal deyil. Həm hazırlıq məşqlərində, həm də mübarizə meydanında bizə göstərilən reaksiyalar çox neqativdi. İstənmədiyimizi düşünürük. Bir çox şəxslər Şuşa və xarı bülbülün vətən üçün dəyərli olduğunu desə də, həmin rəmzlərin təbliğatı üçün meydana çıxan klub kimi mənəvi dəstək hiss etmirik”.
KƏNAN BAHADIR