Françesko Tottinin qanundankənar əməllərə əl atdığı xəbər verilib. İtaliya millisinin və “Roma”nın sabiq hücumçusu “çirkli pulların yuyulmasında” şübhəli bilinir.
“La Gazzetta dello Sport”un məlumatına görə, 46 yaşlı keçmiş futbolçu buna görə məhkəmə qarşısına çıxa bilər. Totti “çirkli pulların yuyulmasına” qarşı mübarizə aparan agentlər tərəfindən bildirilən şübhəli əməliyyatlarda iştirak edib. Onun bank hesablarını son iki il yarım ərzində reallaşan əməliyyatlarla, xüsusilə də bukmeker kontorları ilə maraqlanan müstəntiqlər araşdıracaq. Qeyd olunan sövdələşmələrdən biri 2022-ci ilin avqustuna aiddi. Totti dostunun qayınanasına faizsiz 80 min avro borc verib. Məbləğ əvvəlcə dostunun həyat yoldaşının və qızının birgə hesabına ödənilib, sonra isə birgə hesabdan keçərək dostunun şəxsi hesabına daxil olub. 2020-ci ilin iyununda isə Tottiyə məxsus iki bank hesabının da Monako, London və Las Veqasdakı kazinolarla şübhəli əməliyyatlar apardığı iddia edilir. Ekspertlər hesabatlarından birində belə yazır: “Müxtəlif beynəlxalq qumar evlərinə göndərilən pulların əsl təyinatı ilə bağlı böyük şübhələr var”.
Qeyd edək ki, Totti futbolçu karyerasını yalnız bir klubda - 1992-2017-ci illərdə formasını geydiyi “Roma”da keçirib. DÇ-2006-nın qalibi 1998-2006-cı illərdə İtaliya millisində oynayıb.