UEFA-nın İcraiyyə Komitəsi qadın yığmaları üçün yeni format qəbul edib.
Buna əsasən milli komandamız 2023-cü ildə Millətlər Liqasında iştirak edəcək. Daha doğrusu, ən zəiflərin yer aldığı C liqasında mübarizə aparacaq.
Millinin baş məşqçisinin buna münasibəti maraqlıdı. Görəsən, komanda Millətlər Liqasında nəyə ümid edir? Siyasət Əsgərovun sualımıza cavabı belə oldu:
"Bildiyimiz kimi, ilk dəfə Millətlər Liqasında iştirak edəcəyik. Uzun müddət idi bu qərarı gözləyirdik. Bizim kimi ölkələr üçün çox vacib qərardı. Sırf C liqasında olan komandalarla qarşılaşacağıq ki, bu da bizim ücun üstünlükdü. İndiyədək yalnız Avropa və dünya çempionatlarının seçmə mərhələsində oynamışıq. Birincini 3, ikincini isə 7 xalla başa vurmuşuq. Həqiqətən də komanda inkişaf edir. Millətlər Liqasında nəticəni daha da yaxşılaşdıra bilərik. Düzdü, hələ qrupumuz bilinmir. Amma məqsədimiz qrupdan çıxmaq olacaq. Püşkatmaya qədər isə təlim-məşq toplanışları baş tutacaq. UEFA-nın “pəncərə”lərini dəyərləndirmək istəyirik. Həmin vaxt yoldaşlıq oyunları da keçirməyi planlaşdırırıq. Çünki oyun praktikası bizim üçün çox önəmlidi".
ŞAİR ABDULLA