74 yaşlı mütəxəssis bu haqda özü Braziliya mətbuatına açıqlama verib. Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin komandası A seriyasında mövsümü 6-cı yerdə başa vurub. Bu mövqe isə komandaya Libertadores Kubokuna vəsiqə qazandırıb. Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək:
“Baş məşqçi vəzifəsindən istefa verirəm. Komandanın yeni çalışdırıcısı Paulo Turra olacaq, mən isə klubun texniki direktoru vəzifəsini icra edəcəyəm. Məşqçilik mənim həyatım idi. Bu həyatı layiqincə başa vurduğumu düşünürəm. Futbolda o qədər emosiyalar yaşamışam ki...”
“Böyük Fil” ləqəbi ilə tanınan mütəxəssis SSA (1982), “Juventude” (1982-83, 1986-87), “Brazil de Pelotas” (1983), “Əl-Şəbab” (1983-84), “Pelotas” (1986), “Qremio” (1987, 1993-96, 2014-15, 2021), “Qoyas” (1988), “Əl-Kadisiyə” (1988-90, 1992), “Koritiba” (1990), “Krisiuma” (1991), “Əl-Əhli” (1991), “Cubilo İvata” (1997), “Palmeyras” (1998-2000, 2010-12, 2018-19), “Kruzeyro” (2000-01, 2020-21), “Çelsi” (2008-09), “Bunyodkor” (2009-10) və “Quançjou Everqrand” (2015-17) klublarını çalışdırıb. Müxtəlif ölkələrdə və qitələrdə çoxsaylı titullar qazanıb. 1990-cı ildə Küveyt, 2003-08-ci illərdə Portuqaliya, iki dəfə - 2001-02-ci və 2012-14-cü illərdə isə Braziliya yığmasına başçılıq edib. Portuqaliya onun rəhbərliyi ilə AÇ-2004-ün finalına qədər irəlilyib, Braziliya isə DÇ-2002-nin qalibi olub.

