"Araz Naxçıvan"da nə baş verir?

17.11.2022 13:56 897
Aktual / Günün xəbəri
Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasında yoxlamaların başlanıldığı barədə xəbərlər dolaşır.

Yazılanlara inansaq, Bakıdan gedən müfəttişlər müxtəlif nazirlik, komitə, dövlət qurumları və şirkətlərin maliyyə hesabatlarını zərgər dəqiqliyi ilə gözdən keçirir. Sual verə bilərsiz ki, bunun idmana, xüsusilə də futbola nə aidiyyatı var? Məsələ bundadı ki, dünən redaksiyamıza Naxçıvanda aparılan yoxlamalarla bağlı ilginc məlumat daxil olub. Mənbəmizin sözlərinə inansaq, müfəttişlər təftiş zamanı birinci divizionda çıxış edən “Araz Naxçıvan”ın əsas sponsoru “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında ciddi çatışmazlıqların olduğunu üzə çıxarıb. Holdinqin rəhbəri isə Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovdu. Əldə etdiyimiz bilgiyə görə, bu üzdən Vüqar bəyin başının üstünü qara buludlar alıb.

Mənbəmiz onu da bildirdi ki, artıq federasiyada və klubda çaxnaşma düşüb, çoxları işindən getmək üçün bəhanə axtarır. Hətta artıq işdən çıxmaq üçün ərizə yazanlar da var. Mənbəmiz istefa ərizəsi yazanlar arasında federasiyanın sədr müavini Sakit Rzayevin olıduğunu da söylədi.

Söylənilənlərə aydınlıq gətirmək üçün Sakit bəylə əlaqə saxladıq. Rzayev "Football-plus.az"a açıqlamasında yayılan söz-söhbəti təkzib etdi:

“Heç bir istefa ərizəsindən söhbət gedə bilməz. Mən bu gün də işimin başındayam. Qarşımıza ciddi məqsəd qoymuşuq və bu yöndə səylə çalışırıq. Noyabrın 29-da AFFA Lisenziya Komissiyasının üzvləri Naxçıvana gələcək. Onlarla görüşlərimiz olacaq”.


Atalar “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Görəsən, Rzayev istefa ərizəsi yazmayıbsa, haqqında dezinformasiya yaymaq kimin və ya kimlərin marağına xidmət edir? Federasiyanın sədr müavini sualımıza belə reaksiya verdi:

“Hər işdə xırda problemlər olur. Hər yerdə də insanlar eşitdikləri söz-söhbətləri bir qədər də özlərinə sərf edən formada yaymağa çalışır. Hqqımda ictimaiyyətə, mətbuata kimlərin ylan məlumat ötürdüyünü deyə bilmərəm. Əsas odu ki, mənimlə əlaqə saxladız və həqiqəti öyrəndiz”.


RƏŞAD