Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 16-da Kişinyovda Moldova, 20-də Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq yığmamızın heyəti açıqlanıb.
Baş məşqçi Canni de Byazi 26 futbolçuya dəvət göndərib: qapıçılar - Şahrudin Məhəmmədəliyev (Qarabağ), Emil Balayev (Səbail), Səlahət Ağayev (Qəbələ); müdafiəçilər - Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev (hər ikisi "Sabah"), Cəlal Hüseynov (Şamaxı), Azər Salahlı (Neftçi), Höccət Haqverdi (“Traktor”, İran), Anton Krivotsyuk (“Visla”, Plotsk/Polşa), Qismət Alıyev (Zirə); yarımmüdafiəçilər - Riçard Almeyda (Qarabağ), Elvin Camalov, Aleksey İsayev, Ceyhun Nuriyev, Anatoli Nuriyev (hamısı "Sabah"), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland), Emin Mahmudov (Neftçi), Rövlan Muradov (Qəbələ); hücumçular - Namik Ələskərov (Sabah), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Mahir Emreli (“Dinamo”, Zaqreb/Xorvatiya), Musa Qurbanlı, Ramil Şeydayev ( hər ikisi "Qarabağ").
Əslində yığmaya 27 futbolçu dəvət olunmuşdu. Sadəcə, Bədavi Hüseynov "Sabah"la son görüşdə zədələndiyi üçün heyətdən kənarlaşdırıldı. Ümumiyyətlə, De Byazi öz komandalarında daim meydana çıxanları çağırıb. Bir nəfərdən başqa. Söhbət Qara Qarayevdən gedir. İtaliyalı ilə yarımmüdafiəçi arasında ədavət davam edir. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindi. Hər halda, Qaranın milliyə faydası olardı, nəinki ziyanı.
Yığmadan kənarda qalanlar sırasında Maksim Medvedev də var. "Qarabağ"ın hazırkı, millinin sabiq kapitanı komandasında az oynayır. Ola bilsin, bu məqam yığmadan kənarda qalmasına səbəb olub. Lakin De Byazinin təcrübəli futbolçulara şans verdiyini nəzərə alsaq, müdafiəçinin oyun praktikasının azlığı buna səbəb deyil. Böyük ehtimalla Maksimin De Byazi haqda dedikləri yığmaya yolunu bağlayıb. Bu iki futbolçunun milliyə çağrılması nəticə baxımından fayda verə bilərdi. Lakin nizam-intizamı nəzərə alsaq, De Byaziyə haqq qazandırmaq olar. Eddi İsrafilovla Filip Ozobiç isə zədəli olduqları üçün 27 nəfərlik siyahıdan kənarda qalıb. Sözsüz, adı çəkilənlər De Byazinin sevimli futbolçularındandı.
Bu dəfə siyahıya kimsə etiraz edə bilməz. İtaliyalı mütəxəssis özünü yaxşı tərəfdən göstərənləri dəvət edib. Ceyhun Nuriyevlə Rövlan Muradovun heyətdə yer alması isə tortun üstündəki şamdı. Yəqin De Byazi onların nəyə qadir olduğunu öyrənmək üçün yoxlama görüşlərində şans verəcək. Sevindirici məqamlardan biri də Azər Salahlının yenidən yığmaya çağrılmasıdı. "Neftçi"nin müdafiəçisi zədəli olduğu üçün kənarda qalmışdı. İki turdu flaqmanın heyətində meydana çıxması millinin qapılarını onun üçün yenidən açdı. Əslində Azərin həm adaşı, həm də komanda yoldaşı Əliyev də De Byazinin sərəncamında olmalıydı. Sadəcə, zədəli olması millidə debütünü ləngitdi.
İtaliyalı beynində yeni komanda formalaşdırıb. Təbii ki, bu yaxşı haldı. Amma gələcəyi düşünürsə, Kamran Quliyevlə Fuad Bayramovu da yığmaya çağıra bilərdi. Bu iki gənc "Şamaxı"nın yüksəliş qrafikinin əsas səbəbkarlarındandı. De Byazi Moldova və Şimali Makedoniya ilə oyunlarda qələbə arzulayır, yəni uğurlu seriyanı davam etdirmək istəyir. Bu futbolçularla istəyinə çatıb-çatmayacağını isə zaman göstərəcək.
İLKİN SULTANLI