Derbidə topdaşıyan uşağa qırmızı vərəqə göstərilibmiş!

7.11.2022 19:55 338
Dünya futbolu
Bilindiyi kimi şənbə günü superliqanın 13-cü turu çərçivəsində oynanılan derbidə ''Qalatasaray'' ''Beşiktaş''ı Mauro İkardinin qolları sayəsində 2:1 hesabı ilə məğlub etdi. Həmin oyunun ən çox müzakirə edilən epizodlarından bir son saniyələrdə yaşandı.

''Beşiktaş''lı Tayfur Bingöl autdan topu cəld şəkildə oyuna daxil etmək istəyərkən kənardakı topdaşıyan uşaqlardan biri topu ona vermək istəməmişdi. Tayfur kobud şəkildə həmin uşağı itələyərək topu ondan almış və bir andaca iki klubun oyunçuları arasında gərginlik yaşanmışdı. Bingölün oyundan sonra verdiyi açıqlamadan belə məlum olmuşdu ki, həmin uşaq ona ''gəl topu özün götür'' deyibmiş. Bu arada maraqlı bir məqamın üstü açılıb. Sən demə 4-cü hakim Kadir Sağlamın göstərişi ilə topdaşıyan uşağa qırmızı vərəqə göstərilib! Hər halda bu, Türkiyə mətbuatının iddiasıdı. Və ya ola bilər ki, hakim sadəcə bu epizodu öz raportunda qeyd edib. Həmin topdaşıyan isə ''Qalatasaray''ın U-16 komandasının üzvü Mert Efe Basmas imiş. Nəticədə Nizam-intizam Komitəsinə sövq edilən Mert Efe Basmas 1 oyunluq cəza aldığı üçün ertəsi gün ''Qalatasaray''ın U-16 komandasının ''Sarıyer''ə qarşı keçirdiyi oyunu buraxmalı olub!

Bu epizod ''Beşiktaş'' və Türkiyə yığmasının sabiq üzvü Nihat Kahvecinin də xoşuna gəlməyib. Hazırda ''TRT Spor''da şərhçi kimi fəaliyyət göstərən Nihat bunları deyib:
''Məni ən çox üzən olay Tayfurun o uşağı itələməsi oldu. O emblemi daşıyırsansa, bu hərəkəti etməməlisən. Zatən, uşaq topu uzaqbaşı 5 saniyə gecikdirdi. Bu 5 saniyə ərzində sən nə edəcəkdin? Qalibmi gələcəkdin?''
.

Əfsanəvi futbolçunun bu tənqidinə Tayfur Bingöl sosial şəbəkədə cavab verib. O, bir neçə il öncə ''Tottenhem''in qolu zamanı topdaşıyan uşağın cəld davrandığı epizodun videosunu paylaşaraq ''bu da 5 saniyənin önəmi Kahveci'' sözünü yazıb. Bu hadisə 2019/20-də ÇL-in qrup mərhələsi çərçivəsində ''Tottenhem'' – ''Olimpiakos'' oyununda yaşanmışdı. London klubu məğlub durumda ikən Kallum Haynes adlı topdaşıyanın topu sürətli şəkildə atması sayəsində autu tez yerinə yetirdi. Nəticədə həmin hücum hazırda ''Beşiktaş''ın şərəfini qoruyan Dele Allinin bərabərlik qolunu vurması ilə nəticələndi və yekunda ''Tottenhem'' 4:2 hesabı ilə qalib gəldi. Həmin vaxt ''Tottenhem''i çalışdıran Joze Mourinyo topdaşıyanı qucaqlayaraq onu xüsusi şəkildə təbrik etmişdi.