Daha çox “feysbuk”da flaqmanda qış fasiləsində köklü dəyişikliklərin olacağı bildirilir. Bu xəbərlər hardan çıxıb? Bir neçə gün öncə “CBC Sport”un Şərhçilər Departamentinin rəhbəri Rüstəm Əfsərli telekanalda yayınlanan verilişlərin birində belə fikir səsləndirdi:
“Məndə olan məlumata görə, qışda “Neftçi”də köklü dəyişikliklər olacaq. Artıq rəhbərlik bu heyətin çempionluq uğrunda mübarizə aparacağına inanmır. Məhz bu səbəbdən də qışda daha keyfiyyətli futbolçuların transferi istiqamətində işlər başladılıb”.
“Yutub”da yayınlanan “Futbol+” verilişində qonaq olan Mahir Şükürov da təxminən eyni fikirləri səsləndirdi: “Qışda “Neftçi”də dəyişikliklər olacaq. 6-7 futbolçu komandanı tərk edəcək, yeniləri gələcək. Amma nə dəyişəcək? Heç nə! Hər dəfə eyni şeyləri edirlər. Nəticə nə olur? Avrokuboklarda nəticə əldə olunur? Yox!”
Görünən odu ki, SOCAR rəhbərliyi artıq “Neftçi”nin nəticələrindən narazıdı. Bu səbəbdən də “düyməyə basılıb”. Səslənən iddialar olduqca ciddi şəxslərdəndi. Görəsən, klub bu haqda nə düşünür? Həqiqətən qışda “Neftçi”də ciddi islahatlar və dəyişikliklər olacaq? Sualımızı flaqmanın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə üvlandıq:
“Hər şeyi zaman göstərəcək. Klubun sahibi olan SOCAR “Neftçi”nin güclənməsini və gözəl nəticələr əldə etməsini istəyir. Bu istiqamətdə şirkətlə “Neftçi” rəhbərliyi arasında danışıqlar aparılır. Təbii ki, başqa sponsorlar da klubun daha çox inkişaf etməsini və nəticələr qazanması istəyir. Onlardan da bu məsələdə kömək istənilir. Hələ ki rəsmi nəsə yoxdu. İnşallah, yaxın zamanlarda ictimaiyyət bu məsələlərlə bağlı ətraflı məlumat əldə edəcək. Rəsmi nəsə olmadığı üçün biz də konkret söz deyə bilmirik. Amma SOCAR rəhbərliyi daim “Neftçi” ilə maraqlanır, bizim problemləri bilir. Hər şeydən məlumatlıdılar. Ümid edirik ki, bu problemlərin aradan qaldırılması üçün hər kəs maksimum dəstək göstərəcək”.
İLKİN SULTANLI
