Səbəb isə nazirliyin oktyabrın 24-də qəbul etdiyi qərardı. Xatırladaq ki, qərarda idmançılara verilən mükafatların hissə-hissə ödənilməsi nəzərdə tutulub.
Yeniliyə əsasən, onlar üçün nəzərdə tutulan mükafatın 40 faizi 2022-ci ildə, 30 faizi 2023-ün 4-cü rübündə, qalan 30 faizi 2024-ün 4-cü rübündə ödəniləcək. Bu isə idmançıların narazılığına səbəb olub. Onlar mükafatların öncədən nəzərdə tutulduğu kimi, yəni birdəfəlik ödənilməsini istəyirlər. Nazir Fərid Qayıbov Türkiyədə işgüzar səfərdə olduğundan, etirazçıları idman şöbəsinin müdiri Elnur Məmmədov qəbul edib. İki saata yaxın davam edən söhbətdə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (sərbəst güləş), 2 qat dünya və 2 qat qitə çempionu Eldəniz Əzizli (yunan-Roma güləşi), dünya və Avropa çempionatlarının bürünc medalçısı Fəridə Əzizova, Rio-2016-nın və qitə çempionatlarının mükafatçısı Patimat Abakarova (hər ikisi taekvondo) və fərqli döyüş kəmərlərinin sahibi Ramal Aslanov (kikboks) iştirak edib. Onlar İslamiadada fərqlənən bütün idmançıların sözünü nazirliyə çatdırıb.
Görüş zamanı Elnur bəyin idmançılara nə dediyini, məsələnin necə həll olunacağını öyrənmək üçün Eldəniz Əzizli ilə əlaqə saxladıq. Dünya və Avropa çempionu “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Bir qrup yaşlı idmançı İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan mükafatın birdəfəlik verilməsi üçün müraciət etdik. Fərid Qayıbov ölkədə olmadığından bizi idman şöbəsinin müdiri Elnur Məmmədov qəbul etdi. Mövqeyimizi cənab nazirə çatdıracağını bildirdi. İndi nazirlikdən cavab gözləyirik”.
Sonda xatırladaq ki, prezident İlham Əliyev İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərən idmançıları, onların məşqçilərini və yarışa hazırlığında iştirak edən digər mütəxəssislərin mükafatlandırılması haqda sərəncam verib. Avqustun 24-də imzalanan sərəncama əsasən, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
RƏŞAD


