Yığmamız Avropa birinciliyini 9 medalla başa vurdu

24.10.2022 17:32 358
İdman
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatmaq üzrədi.

"Footbal-plus.az" xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan son olaraq iki nəfər - "Təhsil RİM - Muğan" təmsilçisi Əli Şükürlü və “Zirvə” İdman Klubunun təmsilçisi Rəhman Kazımov yaşı 20-yə qədər olan idmançılar arasında 109 kq çəki dərəcəsində yarışıblar.

Rəhman Kazımov birdən qaldırma hərəkətində 141 kq-la 9-cu, təkanla qaldırma hərəkətində 190 kq-la 4-cü, toplam 331 kq (141+190) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.

Əli Şükürlü isə birdən qaldırma hərəkətində 161 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb.

O, təkanla qaldırma hərəkətində 189 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı pillədə qərarlaşıb.

Toplam 350 kq (161+189) nəticə göstərən atletimiz yekun sıralamada 4-cü yeri tutub.

Yığma komandamız Avropa birinciliyini toplam 9 medalla - 3 qızıl, 4 gümüş və 2 bürünc medal - başa vurub.