Azərbaycanlı idmançıdan 2 medal

20.10.2022 09:27 398
İdman
15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Football-plus.az xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan ikisi - “Zirvə” İdman Klubunun təmsilçisi Ömər Cavadov və “Təhsil” İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev yaşı 20-yə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıblar.

Murad Əliyev birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.

O, təkanla qaldırma hərəkətində 156 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 7-ci pillədə qərarlaşıb.

Toplam 289 kq (133+156) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Ömər Cavadov isə birdən qaldırma hərəkətində 140 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb.

O, təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.

Toplam 305 kq (140+165) nəticə göstərən atletimiz yekun sıralamada 2-ci yeri tutaraq gümüş medal qazanıb.