“Neftçi”nin sabiq futbolçusu Əhməd Əhmədov “Msport.az” saytına müsahibəsində maraqlı informasiyanı futbol ictimaiyyəti ilə bölüşüb.
Sən demə, flaqmanın rəhbərliyi çempion olduqlarına görə vəd olunan mükafatı hücumçuya verməyib. Hazırda “Slaviya”da (Sofiya) çıxış edən forvardın fikirlərini diqqətinizə çatdırırıq:
“Çempion olandan sonra vəd etdiyi mükafatı komandanı tərk edən futbolçulara vermədi. Sonradan eşitdim ki, “Neftçi”də qalanlara mükafat ödənilib, gedənlər isə yada düşməyib. Əsas odu ki, çox gözəl çempionluq yaşadıq. Yaxşı dostlar qazandım. Həyatda puldan daha vacib şeylər var”.
Gördüyünüz kimi, futbolçu iddia edir ki, klub ona borcludu. Məsələ ilə bağlı “Futbol+”in redaksiyasına yeni informasiya daxil olub. Sən demə, “Neftçi” təkcə Əhməd Əhmədova borclu deyilmiş. 2020/21 mövsümündə “ağ-qaralar”ın heyətində çıxış edən daha 3 futbolçuya vəd olunan mükafat ödənilməyib. Söhbət Keysuke Honda, Stiven Jozef-Monroz və Bruno Telluşidən gedir. Onlar komandanı tərk edəndən sonra miqrasiyadakı kartlarının vaxtı bitdiyinə görə flaqman ödənişləri edə bilməyib. Lakin bir həftə öncə adı çəkilənlərin hamısının xaricdəki hesablarına pullar köçürülüb.
Məsələ ilə bağlı “Neftçi”nin də mövqeyini işıqlandıracağıq.
İLKİN SULTANLI