Dünən Çempionlar Liqasında keçirilən növbəti 8 qarşılaşma ilə qrup mərhələsində 4-cü tura yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, günün ən parlaq qələbəsini ''Liverpul'' qazandı. Yürgen Kloppun komandası ''Reyncers'' ilə səfər oyununda erkən qol buraxsa da, qalan vaxtda nə az nə çox – düz 7 dəfə fərqləndi. İkinci hissədə meydana çıxan Məhəmməd Salah öz performansı ilə həm bu qarşılaşmaya, həm də ÇL-in tarixinə damğa vurdu.
Məhşur misirli vinger 75, 80 və 81-ci dəqiqələrdə fərqləndi. 3 qolu 6 dəqiqə 12 saniyəyə sığışdıran Salah ÇL tarixində ən qısamüddətli het-trikin müəllifi oldu! Əvvəlki rekord hazırda ''Qalatasaray''ın şərəfini qoruyan Bafetimbi Qomisə məxsus idi. Fransalı forvard 2011-ci ilin dekabrın 7-də ''Lion''un səfərdə Zaqreb ''Dinamo''sunu 7:1 hesabı ilə darmadağın etdiyi qarşılaşmada poker etmiş və ilk 3 qolu 8 dəqiqəyə sığışdırmışdı. Qeyd edək ki, ''Liverpul'' hələ pley-offa vəsiqəni rəsmiləşdirməsə də, bunun üçün qalan 2 turda 1 xal qazanmaq yetərli olacaq.