Bilindiyi kimi, portuqaliyalı superulduz bu mövsüm əsas heyətdəki yerini itirib. ''Yunayted''in 3:6 hesabıyla məğlub olduğu son Mançester derbisində Erik ten Haq ona, ümumiyyətlə, şans vermədi. Niderlandlı məşqçi bu addımı Ronaldonun karyerasına hörmət əlaməti kimi atdığını vurğuladı. ''Yunayted''in əfsanələri isə Kriştianonun tərəfini tutmaqda davam edir. Roy Kinin ardından Rio Ferdinand da portuqaliyalını ehtiyatda saxladığına görə Ten Haqı tənqid edib. Bu arada ''Liverpul''un sabiq üzvü Ceymi Karrager Ferdinanda cavab vermək fikrinə düşüncə iki əfsanə arasında mübahisə yaşanıb. Karrager ''tvitter''də bunları yazıb: ''Ten Haqın Ronaldonu oynatmamaqla səhvə yol verdiyini eşitmək gülməlidi. Bu sözlərimlə Ronaldonu tənqid etmirəm. Sadəcə, Reşford əks-hücum taktikasına daha çox uyğun gəlir. Bunu ''Liverpul'' və ''Arsenal'' ilə oyunlarda da gördük''. Ferdinand buna cavab olaraq Ronaldonun Karragerin əlini sıxmaqdan imtina etdiyini xatırlatdı və ''yəqin, hələ də bunu unuda bilmirsən'' sözünü yazdı.
Avqustun 22-də keçirilən ''Yunayted'' – ''Liverpul'' oyunundan (2:1) öncə Kriştiano ''Old Trafford''un kənarında canlı yayında veriliş aparan Qari Nevill və Roy Kin ilə salamlaşdığı halda, Karragerin əlini sıxmamışdı. Karrager Ferdinandın bu atmacasına belə cavab verdi:
''Əksinə, şadam ki, həmin hadisə bu qədər böyük populyarlıq qazandı. Rio, mən başa düşürəm ki, Kriştiano sənin və Evranın yaxın dostudu. Sizin ''vatsap'' qrupunuz var. Ronaldo orda sizdən ona dəstək olmağı xahiş edir. Amma özünü Ronaldonun çılğın fanatı kimi aparma. Sən axı Rio Ferdinandsan''.





