Komandalar 2023-ün təqvimindən narazıdı

27.09.2022 11:46 390
İdman
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) “Formula-1” üzrə dünya çempionatının 2023 mövsümü üçün təqvimi açıqladığını xəbər vermişdik. Amma dünya çempionatına qatılan komandalar yeni mövsümün təqvimindən narazı qalıb.

Football-plus.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının təqvimi hazırlayarkən iştirakçıları məlumatlandırmaması və onların razılığını gözləməməsi komandaları qıcıqlandırıb. Hətta onların nümayəndələrindən biri FIA-nın hərəkətini “qəbuledilməz” adlandırıb. Halbuki təqvimin iştirakçılarla məsləhətləşmədən sonra sentyabrın 23-də, yəni dünən açıqlanacağı gözlənilirdi. Həmçinin təqvimin bir neçə gün tez dərc olunması "Formula-1" rəhbərliyini də təəccübləndirib.

Avtoidman həvəskarlarını maraqlandıra biləcək başqa xəbərlər də var. Dünya çempionatında çıxış edən “Alfa Tauri” komandası yaponiyalı pilotu Yuki Sunoda ilə müqavilənin müddətini uzadıb. 22 yaşlı sürücünün yeni sözləşməsi 2023-cü ilin sonuna qədər nəzərdə tutulub.

Dördqat dünya çempionu Sebastyan Fettel isə büdcə limitinin bu il komandası “Aston Martin”in işini çətinləşdirdiyini bildirib:

“Bu idman həmişə belə olub. Əvvəlki dövrlərdən etibarən heç nə dəyişməyib. Mövsümün əvvəlində zəif olub, sonra güclənən komanda görmədim. Buna görə də öndəkilərə çatmaq çətindi. 2022-ci ildə bu lap çətindi, çünki inanılmaz büdcə limiti var”.


Xatırladaq ki, bu il hər komanda 140 milyon dollar xərcləyə bilər. Daha sonra inflyasiyaya görə komandalara əlavə 1,2 milyon dollar xərcləmək hüququ da verilib.