İngiltərə premyer-liqasının 7-ci turunun oyunlarından sonra növbəti təxirəsalmalar qaçılmaz olub. 8-ci turun üç matçı da ertələnib.
Football-plus.az xəbər verir ki, “Çelsi” – “Liverpul”, “Mançester Yunayted” – “Lids” və “Kristal Pelas” – “Brayton” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Yeri gəlmişkən, avrokuboklarda daha bir matç təxirə salınacaq. Avropa Liqasında “Arsenal” – PSV oyunu ertələnəcək. Bu məlumatı Niderland klubunun mətbuat xidməti yayıb. Gözlənilən qərar Böyük Britaniya kraliçası II Yelizavetanın sentyabrın 8-də 96 yaşında vəfatına görə veriləcək. Ölkədə on günlük matəm elan olunub. Qrup mərhələsinin 2-ci turunun sentyabrın 15-nə təyin olunan matçının yeni tarixi hələlik açıqlanmayıb. Paytaxt Londonda mərhumə kraliçanın dəfni ərəfəsində polis qüvvələrində ciddi məhdudiyyət yarandığından Avropa Liqası oyununun cümə axşamı təşkilinda problemlər ortaya çıxıb.
Ümumiyyətlə, Böyük Britaniyada həftəsonuna təyin olunan bütün idman yarışlarının qeyri-müəyyən müddətə təxirə salındığını da bildirək.