Bu arada ''sarı-lacivərdlilər''in legionerlərdən qurtula bilməsi üçün vaxtı gündən-günə azalır. Türkiyədə yay transfer dönəmi bu gün saat 23:59-da bağlanacaq. Amma ''Fənərbaxça''nın heyətində hələ də 14 əvəzinə 17 legioner var! Gün ərzində Novak və Lemosla yolların ayrılacağı gözlənilir. Ayrılmaq ehtimalı olan digər futbolçu isə Brumadı. Bütün bunlar klubun nə dərəcədə plansız şəkildə idarə olunduğunu göstərir. Çünki Bruma ''Fənər''in bu yay transfer etdiyi ilk oyunçulardan idi! Amma vinger qısa müddətdə gözdən düşdü. Təsadüfi deyil ki, Bruma son oyununu az qala 1 ay öncə keçirib. İşin ən üzücü tərəfi odu ki, PSV ilə əldə olunan razılığa əsasən İstanbul nəhəngi gələn yay 4 milyon avro ödəyərək Brumanı məcburi şəkildə transfer etməlidi. Ona görə də bu futbolçunun aqibətinin necə olacağı bilinmir. Baş məşqçi Jorje Jezuş dünən Kiyev ''Dinamo''su ilə oyuna həsr olunmuş mətbuat konfransında Bruma ilə bağlı suala belə cavab verib:
''Brumanın adını iştirak ərizəsinə salmamışıq və o, qrup mərhələsində bizə kömək etməyəcək. Zədədən yeni qayıdıb. Çempionatda isə yalnız 14 əcnəbinin adını iştirak ərizəsinə sala bilərik. Portuqaliyada da bu problemlə üzləşmişdim. Orda limit 17 idi. Qrupdan çıxa bilsək, Brumanın adını yenidən ərizəyə sala bilərik. Amma çox diqqətli olmalı və düzgün qərarlar qəbul etməliyik''.
Bu arada gün ərzində Sərdar Dursunla da bağlı yeni olaylar yaşana bilər. Kinq, Pedro, Batşuayi, Valensiyanın ardından 5-ci hücumçu statusuna düşən və adı avrokubokların iştirak ərizəsinə salınmayan futbolçu durumundan kəskin narazıdı. Məşqlərdə də həvəssiz görünən 29 yaşlı hücumçu ayrılmaq istəyir. Belçikada da transfer dönəmi bu gün bağlanır və ''Vesterlo'' Dursuna ciddi maraq göstərir. Amma ''Fənər'' rəhbərliyi Sərdarın komandada qalmasını istəyir.