3 il “sarı-göylər”in “sükanı arxasında” olan 62 yaşlı mütəxəssis uğursuz nəticələrə görə tutduğu postdan ayrıldı. Vahabzadə harda səhvə yol verdi ki, Gəncə təmsilçisi onun rəhbərliyi altında “qara zolağ”a düşdü? Bu suallar gəncəli azarkeşlər kimi, çoxlarını maraqlandırır.
Yaşar bəyin dönəmində köməkçi-məşqçi kimi çalışan Vidadi Rzayev sportinfo.az saytına açıqlamasında onun səhvlərini qabardıb, məsləhətlərini dinləmədiyini bildirib:
“Komanda Gəncədə, sonra da Bakıda təlim-məşq toplanışı keçəndə bilirdim ki, belə olacaq. Onda heç çempionat başlamamışdı, təqvim bilinmirdi. İllərdi futbolun içindəyik. Görürsən də vəziyyəti. Əvvəl yaşananları görəndə sonluğun necə olacağını hiss edirsən axı. Görülən işlər indiki sonluğa doğru gedirdi. Fikirlərimi, gördüklərimi baş məşqçiyə demişəmsə, o, öz bildiyini edibsə, mənim nə günahım ola bilər? Mən ona vaxtında lazım olan sözləri demişdim”.
Rzayevin iradlarına münasibət öyrənmək üçün Vahabzadə ilə əlaqə saxladıq. “Kəpəz”in sabiq baş məşqçisinin uzun müddət bir yerdə çalışdığı köməkçisinə cavabı belə oldu:
“Belə çıxır ki, hamı pis, Vidadi yaxşı oğlandı. 3 il bir yerdə çalışmışıq. Yaxşı və pis günlərimiz olub. Onun söylədiklərinə nə münasibət bildirim? Belə çıxır, Rzayev komandada qalmaq, işini itirməmək, özünü hamıya yaxşı oğlan kimi göstərmək üçün mətbuata bu cür açıqlama verib”.
RƏŞAD


