Xorvatlar “Qəbələ”yə ilk oyunun tarixini dəyişməyi təklif edib

2.09.2022 20:20 454
Ölkə futbolu / Manşet
Dünən UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılıb.

Tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşib. “Qəbələ”nin U-19 komandasının ilk mərhələdə üz-üzə gələcəyi, həmçinin növbəti raunddakı mümkün rəqibi də bəlli olub. "Qırmızı-qaralar" 1-ci mərhələdə Xorvatiya "Hayduk"u ilə qarşılaşacaq. Təmsilçimiz "Hayduk"u mübarizədən kənarlaşdıracağı təqdirdə "Astana" (Qazaxıstan) - "Apoloniya" (Albaniya) cütünün qalibi ilə görüşəcək. İlk qarşılaşma səfərdə keçiriləcək. Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaqsa, ikinci raundun görüşləri oktyabrın 26-da və noyabrın 2-də gerçələşəcək.
Püşklə bağlı “Qəbələ”nin idman direktoru Nail Kərimovun fikirlərini öyrəndik:

“Hələ rəqib barədə geniş məlumatımız yoxdu. Ancaq “Hayduk”un Xorvatiyanı təmsil etdiyini nəzərə alsaq, heç də zəif olmadığını söyləmək mümkündü. Onu da bildirim ki, uzun illər Xorvatiyada Zaqreb “Dinamo”su çempionluqları sıralayıb. “Hayduk” son mövsümdə qızıl medallara sahib çıxmağı bacarıbsa, deməli, yetərincə ciddi rəqibdi”.
Nail bəy bizimlə söhbətdə onu da bildirdi ki, qarşı tərəf ilk görüşün tarixinin dəyişdirilməsinə çalışır: “Sentyabrın 14-də “Hayduk”un əsas komandasının oyunu olduğundan təklif etdilər ki, bizimlə qarşılaşmanın tarixi irəli çəkilsin. Hələ ki danışıqlar davam edir, yekun qərar verilməyib”.


RƏŞAD