Kobi Brayantın xanımı Vanessa polis əməkdaşlarının və yanğınsöndürənlərin ərinin və qızı Ciannanın həlak olduğu yerdən şəkillər yayması ilə bağlı məhkəmə işində qalib gəlib.
Football-plus.az xəbər verir ki, federal andlılar məhkəməsi avqustun 24-də Los-Anceles dairəsinin mərhum basketbolçunun xanımına 16 milyon dollar ödəməsinə dair qərar verib. Andlılar Vanessanın və vəkillərinin iddiası ilə razılaşıb. İddia ərizəsində göstərilirdi ki, dairənin rəsmi şəxsləri Brayantın və 13 yaşlı qızının cəsədinin qalıqlarının fotosunu yaymaqla Vanessanın şəxsi həyatına müdaxilə edib və ona emosional stress yaşadıb.
Xatırladaq ki, Brayant və qızı Cianna 2020-ci il yanvarın 26-da Kaliforniya ştatının Kalabasas şəhərində şəxsi helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Helikopterdə onlarla yanaşı, daha 7 adam yer almışdı.