AFFA iş adamlarını Region Liqasına cəlb etmək istəyir - AÇIQLAMALAR

21.08.2022 16:20 756
Ölkə futbolu
AFFA Region Liqasının 2022/23 mövsümündə iştirak edəcək komandaların geyim dəstləri ilə təmin olunmasıyla bağlı tender elan edib.

Şirkətlər 1540 oyun forması, 1680 getr, 910 idman kostyumu, 140 qapıçı forması və 910 idman çantasını təmin etmək iqtidarında olmalıdı. Tenderdə iştirak üçün son müraciət tarixi sentyabrın 2-si, saat 17.00-dı. Şirkətlərin göstərilən bütün ləvazimatlar üzrə nümunə təqdim etməsi vacibdi. Hər məhsul çeşidindən 1 ədəd nümunə təqdim olunmalıdı. Bunun üçün son tarix oktyabrın 5-di.

Qeyd olunan ləvazimatların nümunəsi qiymət təklifi ilə birlikdə təqdim olunmalıdı. Şərtlərə əsasən, ilkin olaraq 50 faiz, məhsullar təhvil veriləndən sonra isə qalan 50 faiz pul ödənilməlidi.

Görəsən, buna nə dərəcədə ehtiyac var? Klublar özlərini adı çəkilən ləvazimatlarla təmin edə bilmir, yoxsa AFFA-nın hansısa planı var? Bu suallara cavab tapmaq üçün qurumun Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq:
"Region Liqasında komandalara forma paylanılması ilə bağlı suallarınızı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya ünvanlaya bilərsiz. Bizim Region Liqası ilə bağlı əsas işimiz komandaların iştirakını təmin etmək və turniri keçirməkdi. Hazırda regionlara səfər edib, komandalarla danışıq aparırıq. Əsas məqsədimiz regionlarda futbolun inkişafını təmin etmək, maksimum çox komandanın iştirakına nail olmaqdı. Amma komandaların sayı və turnirin püşkü ilə bağlı sebtyabrda açıqlama veriləcək".


Yusif bəylə söhbətdən sonra Firuz Abdulla ilə danışdıq:
"Bu, Region Liqasıyla bağlı ilk tender deyil. İnidiyədək çox tender keçirmişik. Məqsədimiz region klublarına dəstək olmaqdı. Klubların formalarla təmin olunmasında məqsəd dəstəkdən qaynaqlanır. Şirkətləri bu işə cəlb etməklə iş adamlarının futbola dəstəyinə nail olmaq istəyirik. Belə addımlar həmçinin region komandalarının daha da inkişafına və peşəkarlaşmasına təkan verəcək".


ABDULLA İSMAYILOĞLU