Misli premyer-liqasının 1-ci turunda səfərdə “Qarabağ”la qarşılaşan “Səbail” gözlənilmədən Adil Nağıyevlə yolları ayırdı.
Təcrübəli müdafiəçi icarə əsasında “Şamaxı”da çıxış edəcək. Nağıyev “Səbail”in kapitanlarından biri idi. Son “futbol ili” başa çatandan sonra isə klubla müqaviləsinin müddəti 2 illiyə uzadılmışdı.
Maraqlıdı, komanda mövsümün başlamasına sayılı günlər qalmış müdafiəçi ilə yolları niyə ayırdı? Bu haqda məlumat almaq üçün Adil Nağıyevlə əlaqə saxladıq:
"Düzdü, məni komandada baş məşqçi saxlamışdı. Rəhbərliklə də, Mahmud Qurbanovla da görüşüb razılaşmışdıq. Sadəcə, hazırlığın birinci mərhələsini Bakıda, ikincini Gürcüstanda keçdik. Ordakı oyunlarda mənə şans verilmədi. Ondan sonra baş məşqçi planlarına daxil olmadığımı dedi. Mən də rəhbərliklə danışdım və belə qərara gəldik ki, başqa kluba keçim. Bir neçə variantım var idi. Sağ olsunlar ki, belə bir vəziyyətdə məni öz komandalarında görmək istəyənlər oldu. Mən də "Şamaxı"nı seçdim və bu kluba icarəyə verildim".
Adil "Şamaxı"nı seçməsini belə izah etdi:
"Ailəm üçün. Fikirləşdik ki, Bakıya gedib-gəlmək daha rahatdı. Başqa rayon komandası olsaydı, uzaq olardı. Yəni bu klubu seçməyimin səbəblərindən biri də məsafənin qısa olmasıdı. Bundan başqa, məşqçilər heyətinin, Cavid Hüseynovun da komandaya gedişimdə rolu oldu".
ŞAİR ABDULLA