Rusiya yığmasının sabiq çalışdırıcısı Georgi Yartsev dünyasını dəyişib. O, dünən 74 yaşında vəfat edib.
Football-plus.az xəbər verir ki, futbolçu karyerasına Kostroma “Tekmaş”ında başlayan Yartsev yerli “Spartak”, “İskra” (Smolensk), ÇSKA, “Qomselmaş”, Moskva “Spartak”ı və “Moskviç”in formasını geyib. 1979-cu ildə “Spartak”la SSRİ çempionu olub. SSRİ çempionatında 82 oyuna 38 qol vurub. Sabiq hücumçu 1978-ci ildə 19 qolla ölkə birinciliyinin ən yaxşı bombardiri olub. SSRİ yığmasında 5 oyun keçirən Yartsev məşqçilik karyerasında Moskvanın “Spartak”, “Dinamo” və “Torpedo” klublarını, “Rotor”u (Volqoqrad) və “Milsami”ni (Moldova) çalışdırıb. “Spartak”a 1996-cı ildə Rusiya çempionluğunu qazandıran Georgi Aleksandroviç Rusiya yığmasını AÇ-2004-ün final mərhələsinə çıxarıb.
“Spartak”ın keçmiş hücumçusu Aleksandr Kozlov isə 29 yaşında dünyasını dəyişib. Yerli mənbələr sabiq forvardın tromb damarının qırıldığını və bu səbəbdən vəfat etdiyini xəbər verib. Kozlov ağ-qırmızı formanı 2010-16-cı illərdə daşıyıb. Paytaxt klubunda 1 qol vurub. Aleksandrın 2011/12 mövsümündə Rusiya çempionatının gümüş mükafatçısı olduğunu da bildirək.