İyulun 6-da gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüşüb.
Nazir onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirə aparıb. Veteranlardan Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və başqaları ölkə çempionatı, klublar və yığma ilə bağlı fikirlərini bildiriblər. Görüşdə həmçinin nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak edib.
Nələrin müzakirə olunduğunu, təşəbbüsün kimdən gəldiyini öyrənmək üçün Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq:
“Öncə onu bildirim ki, görüşün keçirilməsi ilə bağlı təşəbbüs veteranlar tərəfindən irəli sürülmüşdü. Fərid müəllim nazir postuna təyinat alandan sonra bir çox qurumlar, ayrı-ayrılıqda idmançılar ilə görüşlər keçirib. Biz də istədik ki, cənab nazirlə görüşək, öz sahəmiz barədə fikir mübadiləsi aparaq. Futbolu Azərbaycanda çox sevirlər, ancaq təəssüflə qeyd etmək lazımdı ki, bu idman növü axsayır. Açığı, vəziyyətin bu həddə çatmasında biz veteranların da məsuliyyəti var. Fikrimcə, çox səmərəli görüş baş tutdu. Veteranlar adından əvvəlcə mən söz aldım. Sonra Tərlan Əhmədov, Arif Əsədov, Asif Əliyev, Asim Xudiyev, Maşallah Əhmədov çıxış edərək problemlərdən danışdılar. Görüşdə ölkədə futbolun inkişafı üçün bölgələrdə peşəkar klubların olmasının zəruriliyi xüsusi vurğulandı. Fərid müəllim isə futbolu dirçəltmək, yığma səviyyəsində dünya və Avropa çempionatlarına qatılmaq üçün hansı addımların atılması ilə bağlı veteranlara sual ünvanladı. Bu suala Tərlan müəllim çıxışında cavab verdi. O bildirdi ki, bu işə planlı şəkildə başlamaq lazımdı. İndidən 13-14 yaşlı uşaqlarla işləyib 8-9 ildən sonra nəyəsə nail olmaq olar. Bunun üçün AFFA və nazirlik birgə çalışmalı, futbol təsərrüfatına daha çox diqqət ayrılmalıdı. Sonda belə məsələhət oldu ki, veteranlar futbolun inkişafı ilə bağlı təkliflər paketi hazırlayıb nazirliyə təqdim etsin. Həmin təkliflər isə nazirlik və AFFA tərəfindən müzakirə olunacaq. Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edirdi.Yeri gəlmişkən, baş katib daim veteranları diqqət mərkəzində saxlayır, istənilən vaxt onlarla görüşüb problemləri ilə maraqlanır”.
Son günlər dövlətin klublara maliyyə yardımı ayıracağı ilə bağlı xəbərlər paylaşılır. O da qeyd olunur ki, klublara yardım kimi nəzərədə tutalan vəsaitin hansı quruma veriləcəyi, pulun təyinatı üzrə xərclənməsinə kimin nəzarət edəcəyi ilə bağlı suallar hələ açıq qalıb. Məhz bu səbəbdən də proses ləngiyir ki, bu da elita təmsilçilərinin büdcəsinin təsdiqlənməsinə təsir edir. Abdullayevin “Turan Tovuz”un Müşahidə Şurasının sədri olduğunu nəzərə alıb, söhbət zamanı məsələ ilə bağlı onun da fikirlərini öyrəndik:
“Məndə olan dəqiq məlumata görə, bölgəni təmsil edən üç kluba – “Turan Tovuz”, “Kəpəz” və “Şamaxı”ya ayrılacaq vəsait həmin şəhər və rayonların İcra Hakimiyyətlərinə veriləcək. Bu klubların maliyyələşməsini də onlar təmin edəcək. Pul İcra Hakimiyyətinə veriləcəksə, deməli, nəzarət də onlarda olacaq. Bu məsələdə bir incə nüans var ki, ona da toxunmaq istəyirəm. Bəzən kluba vəsait ayıran qurumlar - İcra Hakimiyyəti və ya başqa şirkət, dövlət strukturları olsun – istəyirlər ki, öz adamlarını, futboldan anlayışı olmayan qeyri-peşəkarları kluba yerləşdirsdinlər, onları rəhbər vəzifəyə təyin etsinlər. Fikrimcə, bu yanlış addımdı. Maliyyəyə nəzarət etmək lazımdısa, bunu başqa yolla etmək daha məqsədəuyğun olar. Qeyri-peşəkarı gətirib klubun idarəçiylinə təyin edəndə, orda iş düz getməyəcək, düşərgədə ab-hava pozulacaq. İdarəçilikdə səhv olanda isə komandadan nəticə gözləmək də absurddu”.
RƏŞAD