Bu gedişlə yeni mövsümdə nəinki premyer-liqada, birinci divizionda da futbolsevərləri maraqlı mübarizə gözləyir.
Hələ aşağı dəstədə “futbol ili” başlamasa da, artıq indidən divizion ətrafında çox maraqlı, diqqəti çəkən, intiriqadolu məlumatlar dolaşır. Bu yöndə ilk “atəş” elitanın ən imkanlı klublarından biri sayılan “Sabah”dan gəldi. “Tələbələr”in rəhbərliyi, daha dəqiq desək, idman direktoru İqor Ponomaryov “Futbol+”ə açıqlamasında “ikinci” komandanın fəaliyyətini dayandırdığını bildirib:
“Bildiyiniz kimi, həm premyer-liqada, həm də birinci divizionda klubların sayı artıb. Bu reallığı nəzərə alıb qərara gəldik ki, əvəzedici heyətin üzvlərini başqa komandalara icarəyə verək. Bunun sayəsində futbolçularımız daha çox oynamaq şansı qazanıb inkişaf edəcəklər. Yetirmələrimizin bir qismini elita klublarına, digər qismini isə “Araz-Naxçıvan”a icarəyə verəcəyik. Ona görə də əvəzedici komandanın fəaliyyətini dayandırdıq. Düşünürəm ki, növbəti mövsümdən “Sabah-2” fəaliyyətini bərpa edəcək”.
İdman direktoru başverənlərlə bağlı AFFA-nı xəbərdar etdiklərini, assosiasiya rəhbərliyinin klubun qərarını anlayışla qarşıladığını da bildirib. Heç kimə sirr deyil ki, istər premyer-liqada, istərsə də birinci divizionda çempionatın təşkilinə PFL cavabdehlik daşıyır. Ola bilsin, “Sabah” rəhbərliyi bu qərarla bağlı AFFA-ya məlumat verib. Görəsən, Ramin Musayevin rəhbərlik etdiyi qurum “tələbələr”in bu addımını necə qiymətləndirir? Bu suala cavab tapmaq üçün qurumun Texniki-İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq:
“Sabah” klubu tərəfindən PFL-ə dediyiniz məsələ ilə bağlı rəsmi müraciət olmayıb. Bu səbəbdən indiki halda bizim nəsə deməyimiz düzgün olmaz”.
Elgiz bəyi başa düşmək olar. PFL rəsmisi klubun çempionatın təşkilinə cavabdehlik daşıyan quruma rəsmi müraciət etmədiyini, məhz bu üzdən məsələyə münasibət bildirməyin düzgün olmadığını söylədi. Bəli, ortada olmayan meyitə ağlamaq günahdı. Ancaq onu da nəzərə almaq lazımdı ki, klubun idman direktoru açıqlamasında bu barədə məlumat verib. Hələ onu da bildirib ki, rəhbərliyin qəbul etdiyi qərarla bağlı AFFA rəhbərliyini məlumatlandırıblar. Belə çıxır ki, assosiasiyanın rəsmiləri bu barədə PFL rəhbərliyinə informasiya verməyi lazım bilməyib. Və ya “Sabah”ın kimlərə bağlı olduğunu nəzərə alıb “onsuz da istədiklərini edəcəklər” prinsipinə söykənərək, qarşı tərəfə bir söz deyə bilməyəcəklərini anlayaraq, başverənlərlərlə barışmağı lazım biliblər.
Bu yerdə başqa bir məqama toxunmaq istərdik. 2021-ci ilin mayında AFFA İcraiyyə Komitəsinin iclasında əvəzedici komandalarla bağlı qərar qəbul edilib. Qərarda qeyd olunanları bir daha xatırladırıq:
“2021/22 mövsümündə əvəzedici komandasının birinci divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidi. Əvəzedici komandası birinci divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək”. Təxminən bir il öncə ölkə futbolunun taleyinə cavabdehlik daşıyan şəxslərin qəbul etdiyi qərardı. Bu yay isə sözügedən məsələ ilə bağlı İK-nın hansısa qərarını olmadığı bəliidi. Görəsən, “Sabah”ın məlum qərarından sonra ilk növbədə AFFA, həmçinin PFL hansı addımı atacaq? Ötən il mayın 31-də İK üzvlərinin əl qaldırıb qəbul etdiyi qərar qüvvədə qalacaq, yoxsa “tələbələr”ə güzəşt olunacaq? Yeri gəlmişkən, “Sabah”ın məlum qərarından sonra “Səbail” və “Qəbələ”nin də eyni addım atacağı ilə bağlı xəbərlər yayılıb. Elgiz Abbasovun sözügedən məsələyə münasibəti belə oldu: “Bu suallara hazırda cavab verə bilməyəcəm. Hadisələrin gedişi və necə inkişaf edəcəyi ilə bağlı qarşıdakı günlərdə danışa bilərik”.
PFL-in Texniki-İdman Şöbəsinin rəhbərini yenə başa düşürük. Ölkə futbolunun inkişafına cavabdehlik daşıyan qurum səssiz qalmağı lazım bilibsə, nəyə görə həmin quruma tabe olan PFL, onun rəsmisi “ağ qarğa” olub bütün məsuliyyəti üzərinə götürməlidi? Sadəcə, bir sual maraqlıdı. Legioner transferlərinə yüzminlərlə vəsait sərf edən klub nəyə görə əvəzedici komandanın ləğvinə qərar verib? Görəsən, sabah Murad Musayev əsas komandada heyətə düşməyən, zədədən sonra oyun təcrübəsi qazanmalı olan yüksəködənişli futbolçulara harda oyun təcrübəsi qazandıracaq? U-19 liqasında? Təbii ki, bu mümkün deyil. “Sabah”ın rəhbərliyində peşakar futbol barədə o qədər də geniş məlumata malik insanlar olmaya bilər. “Sabah”da da olimpiya çempionu olduğunu fəxrlə qeyd etdiyimiz Ponomaryov var. Məgər o bilmir ki, əvəzedici komanda olmadan böyük futbolda inkişaf etmək mümkün deyil? “Neftçi”nin sabiq “9 nömrə”sinin bu məsələdə niyə klub rəhbərliyinə düzgün məsləhət vermədiyi çox maraqlıdı...
RƏŞAD