Jorje Jezuş kimi dünyaca ünlü məşqçini gətirməklə yeni mövsümə böyük ümidlər bəsləyən ''Fənərbaxça'' ilə bağlı xəbərlər var.
Əvvəlcə qeyd edək ki, klubun yeni idman direktorunun adına rəsmən aydınlıq gəlib. Bu, portuqaliyalı Mario Brankodu. 46 yaşlı futbol adamı klubda çalışacağını özü açıqlayıb. Amma anlaşmanın detalları barədə məlumat yoxdu. Eyni zamanda B lisenziyasına sahib olan Branko daha öncə ''Visla'', ''Zaqlembe'', ''Leyşoes'', ''Astra'', ''Eştoril'', ''Hayduk'', PAOK və son olaraq ''Famalikan''da işləyib. Ötən mövsümün gedişində ''Qalatasaray''ın da gündəmində olan Branko ''Hayduk'' və ''Eştoril''də gördüyü işlərlə diqqət çəkib. Elə PAOK da 2019-da 34 illik fasilədən sonra çempion olarkən Branko bu uğurun gizli qəhrəmanlarından idi.
Türkiyədə yeni mövsümün hazırlığına hamıdan tez - iyunun 13-də start verən ''sarı-lacivərdlilər'' iki yeni futbolçunun keçidini də rəsmən açıqlayıblar. Söhbət Linkoln Enrike ilə Armindo Brumadan gedir. 23 yaşlı braziliyalı Linkoln hücumameyilli yarımmüdafiəçidi. ''Qremio''nun yetirməsi olan bu futbolçu daha öncə 2017/18-də ''Çaykur Rizəspor''un heyətində 1-ci liqada top qovub. Sonuncu dəfə Portuqaliya təmsilçisi ''Santa Klara''da çıxış edib və ötən mövsümdə 44 rəsmi oyunda 7 qol, 10 məhsuldar ötürməlik performansla diqqəti çəkib. Standart zərbələri yaxşı yerinə yetirən solaxay futbolçu daha öncə Braziliyanın U-17 yığmasında kapitan sarğısını da daşıyıb. ''Fənərbaxça'' Jezusla yeni səviyyəyə yüksələ biləcəyinə inandığı Linkoln ilə dördillik müqavilə imzalayıb. Anlaşmanın detalları rəsmi şəkildə açıqlanmasa da, yerli mətbuatın yazdığına görə, bu transfer ''Fənər''ə 3,5 milyon avroya başa gəlib. ''Sambaçı'' ilk mövsümündə 750 min avro qazanacaq. Bundan başqa, ''Fənər'' ''Santa Klara''ya bir gənc oyunçusunu icarəyə verəcək və eyni zamanda Linkolun sonrakı satışından əldə olunacaq məbləğin 15 faizi də portuqaliyalılara çatacaq.
Bruma isə Türkiyə futbolu ilə yaxından maraqlananlara daha çox tanışdı. Çünki bu futbolçu ''Qalatasaray''ın sabiq üzvüdü. ''Cim-Bom'' 2013-cü ildə Fatih Terimin dönəmində onu gələcəyin ulduzu statusunda ''Sportinq''dən 13 milyon avroya transfer etmişdi. Düzdü, ''sarı-qırmızılar'' 2017-də Brumanı 15 milyon avroya ''Leyptsiq''ə sataraq qoyduqları sərmayəni artıqlamasıyla götürdülər. Amma ümumi götürəndə Bruma karyerasında ondan gözlənilən zirvəyə yüksələ bilməyib. Bu iki klubdan başqa icarə əsasında ''Real Sosyedad'' və ''Olimpiakos''da da top qovmuş 27 yaşlı vinger son mövsümü PSV-də keçirdi və 46 rəsmi oyunda 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qaldı. İstanbul nəhəngi Brumanı birilliyə icarəyə götürüb və sonrakı transfer haqqını da ələ keçirib. Maddi detallar hələ ki məlum deyil. ''Fanatik'' nəşrinin yazdığına inansaq, sonrakı transfer haqqı müqavilədə ''məcburi'' kimi qeyd olunub.
Yəni ''Fənər'' gələn yay Brumanı məcburi olaraq daimi əsasda transfer edəcək və onunla ''2+1'' illik müqavilə imzalanacaq. Bu keçid tamamlandıqdan sonra sosial şəbəkələrdə Brumanın daha öncə Terimlə bağlı dediyi sözlər gündəmə gəldi. Portuqaliyalı daha öncə dəfələrlə ''İmperator''u sevdiyini, onu öz mənəvi atası saydığını bildirmiş və hətta Terim koronavirusa yoluxarkən onunla olan şəklini paylaşaraq məşqçiyə şəfalar diləmişdi. Maraqlıdı ki, ''Fənər''ə transfer olunduqdan sonra Bruma həm Terim, həm də ''Qalatasaray'' ilə bağlı olan bütün paylaşımlarını silib. O yalnız 2016-nın iyulunda Sneyder, Donk və tərcüməçi Mərt Çətinlə birlikdə hovuzda çəkdirdiyi şəkili saxlayıb. Brumanın ümumilikdə ''Qalatasaray''da 85 oyunda 15 qol, 21 məhsuldar ötürmə ilə yadda qaldığını və biri çempionluq olmaqla 4 titul qazandığını bildirək.
“Fənərbaxça” “Qalatasaray”in sabiq üzvünü transfer etdi
Dünya futbolu
